Qəşəm  Nəcəfzadə - Sevginin ölümü

Ədəbiyyat 10:00 / 18.05.2026 Baxış sayı: 505

 

Sevginin ölümü küçələrin ölümü deyilmi?

Payızın ölümü deyilmi, sevginin ölümü?

Skamyaların boşluğu,

Ayrılığın şəkli deyilmi?

Qağayılara atıram qələmimi,

Mən indi qatil deyiləmmi?

Intihar etmiş yarpaqlara bax,

Kim ağaclara qaldırar

Ölmüş baharı?

Bəlkə də yarpaqlar şəkillərdir,

Fotoqraf yıxılıb,

Açılmış çantasının ağzı,

Bax gör necə öpüşür şəkillər.

Və yaxud

Ağacların altındakı kimsəsizlik

Ağacdan asılmış

Boş yellənçək deyilmi?

Seks filmlərində dodaqlar ölmədilərmi?

Gözlər hələ də ağlayır bir cüt körpəsini.

Mersedesin sürəti ayrılığa bənzəmirmi,

ABŞ dolları evlərdə mübahisə deyilmi?

Şadlıq saraylarında

Bir azca qəm var.

Əvvəl ağaclar ölür,

Sonra adamlar.

Biz bunu bilmirikmi?

Sahil bağında

Skamyalara yazılmış adlar,

İslanmış sərçələr kimi civiləşirlər:

“Vaxtı ilə biz də sevmişik”

İndi biz bu adlara təsəlli olmayaqmı?

Ömrüm mübahisələrlə doludur,

Hər biri həyata bərabər...

Deyəsən,

İnsanları əşyalar öldürür.