Əli Hacı   Ağaevli  - Ürəyimin ayaqları tutulmuşdu

Ədəbiyyat 11:30 / 18.05.2026 Baxış sayı: 571

Ürəyimin ayaqları tutulmuşdu,

baxışlarım əl açıb dilənirdi !

üstümdəki ağ paltarın

rəngini qara görürdüm !

Məni ovutmaq üçün,

dünya göy üzündə yellənirdi,

tənhalığımın bağırtısından,

əlçatmazlığın içində ölürdüm !

Sevgim al-qanımın içində,

istəyim buxovlanmışdı dilimin ucunda !

Uzun məsafə var idi,

yaxşı olacaqlara !

Sevincimisə vaxt öldürürdü,

dərdlərimin bir küncündə !

O,əsrdən,bu əsrə daşıdığım

yükün ağırlığı əymişdi belimi !

Günəş də quruda bilmirdi,

əzablarla islanmış günümü !

Nə yaxşı,

RUHUM əyilmədi kimsəyə ,

ürəyimin əllərindən tutub yeritdi !

Baxışlarıma qılınc çalmağı öyrətdi,

qara gördüklərimi atıb kisəyə,

yandırdı tənhalığımın içində,

və təzədən məni göyərtdi !