Şakir Xanhüseynli - İNSAN TƏRƏFİN AĞIR GƏLMƏLİ
harda olursan ol--
daşların içində,
əkində, biçində,
evdə, çöldə,
heç insan olmayan yerdə
insan tərəfin ağır gəlməli...
öz sırana, səfinə keç,
bütün tərəfləri adlayıb
öz tərəfinə keç--
iqrar-iman tərəfinə,
vicdan tərəfinə...
deyirəm kimsə
"mən insanam" yazıb
sinəsindən
bir lövhə assa nə dəyişər;
əgər varsa qəlbində kin,
əməlində şər...
ayağını yerə
bərk basarcasına,
hə, insanlıq tərəfin
ağır gəlməli!..