Əşrəf  Veysəlli - HARDASAN

Ədəbiyyat 08:18 / 19.04.2026 Baxış sayı: 375

 

 

Hər yanda, hər yerdə görürəm səni,

Məndən ayrılmırsan xəyallar kimi.

Bütün fəsillərdə görürəm səni

Yazda çiçək kimi, qışda qar kimi.

 

Gah toy yerindəsən, gah yas yerində,

Gözümün ağında, qarasındasan.

Üzdüyüm suların ləpələrində,

Açdığım kitabın arasındasan.

 

Çirağım sönürmü, nura dönürsən,

Durub yandırıram, sən də yanırsan.

Qələm götürürəm, şeir yazam mən,

Gəlib misralarda sən dayanırsan.

 

Şirin sözlərintək ətir qoxuyan

Hər səsə, sədaya qatıblar səni.

Yediyim çörəyə, içdiyim suya,

Udduğum havaya qatıblar səni.

 

Dönüb sən olubdur bu yer, bu aləm,

Dönüb sən olubdur bu cahan, gülüm.

Hər yerdə, hər zaman səni görürəm,

Ancaq bilmirəm ki, hardasan, gülüm.

1965- vi il.