Firidun Agazadə -    Hamarkənd uşağı şeir yazanda,

Ədəbiyyat 08:31 / 19.04.2026 Baxış sayı: 320

Sabir Rüstəmxanlı Bakıda ilk şair dostumdur... İllər əvvəl məni ona tapşırdılar: “Qonşu kənddəndir, get şeirlərini göstər...”. Amma onun da başı özünə qarışmışdı...

Alar meşəsinin o üzündəki

Hamarkənd uşağı şeir yazanda,

Cəngəsər dağının o üzündəki

Rvarud uşağı şeir yazanda

Dağın bu üzündən şair olmazmı?

Sərhəd boyundakı yollar gileyli,

O tay da bu taydı - bildim sonradan.

Günəşi, səması, dumanı eyni,

Bir şair olmazmı Pirasoradan?

Dağın bu üzündən şair olmazmı?

Neynirdim sevginin sinə dağını,

Alışa ürəyim,

Alışa ömrüm.

Xəyalı dolaşıq, ruhu dağınıq,

Eşqi rədd olunmuş cavanlar gördüm,

Sevən ürəyimə acığım tutdu,

Oturdum başladım şeir yazmağa.

Qarlı Savalanın qənşəri Dağım –

O Dağdan bu Dağa çağıran səsəm.

Alışar iç dağım, içəri dağım

O Dağın şeirinin yaza bilməsəm.

O Dağın şeirini yazacağam mən.

Ayaq üzəngidə, diz qabırğada,

Ömrümün yolunu yormağa çıxdım.

Nahaqdan söylənən söz qabağında

Sussam, vicdanımdan utanacaqdım.

Vicdanlı şeirimi yazasıyam mən.

Qəmi də görmüşəm,

zalım olur qəm

Qəm mərdi namərdə təslim eləyər.

Gümanları girinc, bəxti daşqədəm,

Sevinci açılmaz tilsim eləyən

O Qəmin şeirini yazacağam mən.

Can əsirgəmədim sözü duyana,

Əhdə, etibara vuruldu könül.

Güllə mənzilində – təlaşlı durna,

Mağar qəndilində nur oldu könül.

Könlümün şeirini necə yazmayım?

Məni duyğu-duyğu gətirdi dilə,

Eşqim

dərdimə də bal qatdı mənim.

Günəşə ucalan ümidlərilə

Bir az Məmməd Araz aldatdı məni,

Bir az Xəlil Rza aldatdı məni,

Bir-iki misra da mən qaraladım...