Kəmaləddin Qədim - ÖLÜB GETDİ, QALIB GÖZDƏN DÜŞMƏDİ...
Canım, sən ki, ağasısan sözünün,
Fərq eləməz, lap nökəri desinlər.
Sən özün ki, tanıyırsan özünü,
Bir az o yan, bir az bəri desinlər...
Tapdasınlar, xışlasınlar, sonra da
bəyənsinlər, xoşlasınlar sonra da...
Gizli-gizli daşlasınlar, sonra da
daşlayandan yox xəbəri desinlər...
Bu qondarma, yas misallı şərdə gül,
Ol özünlə öz aranda pərdə, gül.
Sənə layiq dərd olmayan dərdə gül,
Heç yox imiş dərdi-səri desinlər...
Gəlib getdi, gəlib gözdən düşmədi,
Qalib getdi, qalib, gözdən düşmədi.
Ölüb getdi, qalıb gözdən düşmədi
bəxtəvərin bəxtəvəri desinlər...