Ayaz    Arabaçı  - Adamsan

Ədəbiyyat 08:13 / 19.04.2026 Baxış sayı: 358

Adam bir az dost-düşmənnən tanınar,

Sən həm dostsuz, həm də yadsız adamsan.

Bir sahədə olsa yola verərdik,

Hər sahədə istedadsız adamsan..

 

Demək olmur oğul-uşaq, qadın var..

Unutqansan elə bilmə yadın var,

Düzdü hərdən mükalimən zadın var,

Amma, lakin çox savadsız adamsan.

 

Aldanmışam niqabına sanma mən,

Olmamışam, alfa, betta, qamma mən,

Düzdü hərə bir ad deyir, amma mən,

Ad tapmıram, çünki adsız adamsan.

 

Tanrı bilir heç nəyində gözüm yox,

Cilddən-cildə girməyinə dözüm yox,

Çoxarvadlı kişilərə sözüm yox,

Amma ki, sən çoxarvadsız adamsan.

 

Bu dostluğun bünövrəsi çökməkdi,

Tikilməmiş, qurulmamış sökməkdi,

İşin - gücün ətimizi tökməkdi,

Allahaqqı duzsuz-dadsız adamsan..

 

Halal olsun məndə olan bu zəndə,

Qoymayıbdı məni çölün düzündə.

Bircə damcı işıq yoxdu üzündə.

Sən ampersiz, voltsuz, vatsız adamsan.

 

Üfunətli bir iy gəlir dərindən,

Tanrı bizi hifz eləsin şərindən,

Lüzum yoxdu yazım töküm dərindən,

Bircə sözlə çox urvatsız adamsan.