Özünə eləyir kim nə eləsə - Rafail Inceyurd Ismayilov

Ədəbiyyat 13:54 / 19.04.2026 Baxış sayı: 435

 

Adamın əməli bumeranq kimi

Özünə qayıdır nizamla, sayla.

Özünə qayıdır tutub-qoyduğu,

Qayıdır quruyla, havayla, suyla.

Nə var yamanlığa, pisliyə nə var,

Kərən dığırlamaq bir içim sudu.

Hyandan başlayıb hayana getmək

Gedənin öz işi, öz arzusudu.

Sözümün canı da budu, xülasə,

Özünə eləyir kim nə eləsə.

Budağı göstərər kökdə olanı,

Əslin də, nəslin də sözü var onda.

Fələk də əyəmməz gen əyənləri

Yeddinci dönəmin özü var onda.

Balası görəcək bir gün xeyrini

Adamın xilqətə örnəyi varsa.

Allah bircə-bircə qoyub ovcuna

Özünə verəcək hər nəyi varsa.

Bir az geci-tezi olsa da, nəsə,

Özünə eləyir kim nə eləsə.

Olub, olacaqdır yuxarı başda

Öz halal işinin başında olan.

Bunu mən demirəm, atalar deyir:

-Çıxar qaşığına aşında olan.

Könlümdən keçənlər olmursa, demək,

Ruhumda olanlar içimdə deyil.

Birinə “hər” olan, birinə “heç”di,

Heç kim eyni boyda-biçimdə deyil.

Qardaş, mən beləym, sən də eləsən,

Özünə eləyir kim nə eləsə.

Dağın zirvəsinə ayağı dəyməz,

Gözünə durursa təpə adamın.

Bir yetim uşağın hoyuna çatmaq

gərək ürəyindən təpə adamın.

Yəqin hamı bilir dediklərimi,

Yoxdu bu şeirdə yenilik, əlbət.

Sadəcə, bir daha xatırladıram:

Axıra nə qalır?

-Hörmət, ya lənət.

Odur ki, mətləbi edirəm kəsə,

Özünə eləyir kim nə eləsə.

19.04.26