Sabir Zəkullaoğlu - Əsgər sevgisi

YAZARLAR 17:50 / 06.12.2025 Baxış sayı: 760

 

İnsan öz sevgisinin əsgəri olmalıdır.

Bəli, insanın və insanlığın ilk vəzifəsi əsgər olmaqdır. Həyatda dəyər hesab etdiyimiz nə varsa, biz ona bir əsgər kimi xidmət etməliyik.

Deyirlər, “general olmaq istəməyən əsgərdən əsgər də olmaz.” Doğrudur. Bu fikir həyatın bütün müstəvilərində keçərlidir. General olmağın yolu məhz sədaqətdən, etibardan, yüksək xidmətdən keçir.

Təsəvvür edin: sevdiyiniz adama və onun sevgisinə bir əsgər kimi xidmət edirsiniz…

Onun heç bir istəyinə etiraz haqqınız yoxdur. Heç etiraz edə də bilməzsiniz. Çünki siz əsgərsiniz — başqa yolunuz, başqa statusunuz yoxdu. Üstəlik, bunu bir həyat fəlsəfəsi kimi, müqəddəs bir xidmət kimi qəbul edirsiniz.

Zatən əsgərliyin iki qanunu var:

Maddə 1: Komandir həmişə haqlıdır.

Maddə 2: Əgər etirazın varsa, birinci maddəyə bax.

Bu prinsip elə dini inanc kimidir — çünki komandirin əmri mübahisələndirilə bilməz; onu sadəcə icra etmək lazımdır.

İnsan öz Vətəninin, xalqının əsgəri olmalıdır. Axı bundan daha şərəfli, bundan daha qürurlu xidmət nə ola bilər?

İnsan valideynlərinin, bacı-qardaşının, övladlarının da əsgəri olmalıdır.

İnsan dostluqda sədaqətli, yoldaşlıqda isə müsəlləh əsgər tək olmalıdır.

Əsgər olmaq — fədakarlıqdır; bütün çətinliklərə sinə gərmək, sonunu düşünmədən özünü od-alovun içinə atmaq deməkdir. Bir sözlə, əsgər olmaq kişi olmaqdır — burada “kişi” cinsi kimlik deyil, əqidə, etibar, xarakter deməkdir.

Və bu səbəbdəndir ki, əsgərin yüksəlişi, tərəqqisi, mükafatı məhz bu çətin, qanlı-qadalı yoldan keçir. Əsgər xidmət edə-edə, əziyyət çəkə-çəkə ucalır. Əsgər kimi ölmək isə ən böyük şərəflərdəndir.

Demək, əsgər olmaq bütün hallarda şərəflidir.

Bu yazımı bütün əsgərlərə ithaf edirəm.

Qoy insanlarımız öz əqidəsinin əsgəri olsun.