Ruhumun dua yerindən - Məmməd Qədir
İlk yaranı Adəm aldı, qəlbinin Həvva yerindən,
İnsanlıq dərddən başladı, çıxıb müqəvva yerindən.
Başladı sona qaçaqaç, di fələkdən indi baş aç,
Axırda qaldım naəlac, dərd aldım dəva yerindən.
Cin atını minib çapdım, bir həyat yoğurub yapdım,
İki sınıq qabıq tapdım, könlümün yuva yerindən.
Gözüm doldu, piyalədi, ah, ürəyim al lalədi,
O zəngulə son nalədi, bülbülün nəva yerindən.
Az nalə çək, gül qoxulu, sən də yaşadın yuxulu,
Həyatım, vallah, qorxulu klipdi dava yerindən.
Ha taxsam çıxır sapım da, dərdli yox mənim çapımda,
Gəlib yaşayır qapımda, yox kimsəm, qova yerindən.
Məmməd , möhkəm bürün, qışdı, ömür xalı, qəm naxışdı,
Bu qəzəl Sizə alqışdı, Ruhumun dua yerindən...