Orta məktəbdə POEZİYA GECƏSİ
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş poeziya gecəsi
Bu il ölkəmizin hər yerində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunur.
Azərbaycan poeziyasının və elminin görkəmli nümayəndələrindən biri olan Bəxtiyar Vahabzadə öz ədəbi yaradıcılığını, elmi və ictimai fəaliyyətini Azərbaycan dövlətçiliyinin qurulmasına, inkişafına və tərəqqisinə həsr etmiş, ədəbi düşüncəmizə və ictimai fikrimizə əvəzsiz töhfələr bəxş etmişdir.
Bu günlərdə mən Xaçmazda Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbində Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş poeziya gecəsinin qonağı oldum.
İlk öncə onu qeyd edim ki, məktəbin binası, içi və ətrafı səliqə-sahmanlı, girişi, foye və sinifləri təmiz və baxımlı, ümumi ab-havası nümunəvi və ürəkaçan idi.
Tədbir də gözəl hazırlanmışdı.
Müəllim və şagird kollektivinin Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını mükəmməl mənimsəməsini, şairin poeziyasındakı ideya zənginliyi, vətənpərvərlik ruhu və sözün mənəvi gücü haqqındakı dərin məzmunlu fikir mübadiləsini və şeirlərin xüsusi ilhamla səsləndirilməsini çox bəyəndim.
Məktəbin direktoru Nigar Ələkbərli, müəllimlərdən gözəl şeirlər müəllifi olan Vasif Xasıyev, Səbinə Lətifova, Xuraman İsmayılova, Natəvan İsabalayeva, Məryəm Mövlanova, Rovşən Zalbalayev və başqaları Bəxtiyar Vahabzadə poeziyası haqqında dəyərli çıxışlar etdilər.
Bölgədə fəaliyyət göstərən məktəblərin Vlll–Xl sinif şagirdləri arasında Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibəti ilə keçirilən bədii qiraət müsabiqəsinin qalibləri və iştirakçıları olan məktəbin şagirdlərindən Zəhra Əliyeva, Aydan Məhərrəmova, Nuray Nurkişiyeva, Gülçöhrə Həsənova, Aysu Ağayeva, Aliyə Səmədova, Aytən Səfərəliyeva və başqa şagirdlər şairin şeirlərini xüsusi şövqlə səsləndirdilər.
Nəktəbin fəal şagirdi Aytən Səfərəliyevanın aparıcılıq qabiliyyəti mükəmməl, şagirdlərin ifa etdikləri xor nümunələri nümunəvi idi.
Ümumiyyətlə görüşün bütün gedişatı və məramı xalq şairimiz ustad Bəxtiyar Vahabzadənin yubileyinə gözəl töhfə oldu.
Bəxtiyar Vahabzadəyə olan böyük ehtiramın rəmzi kimi məktəbin XI sinif şagirdi Kənan Quliyev öz əli ilə çəkib hazırladığı portreti mənə hədiyyə etdi.
Şagirdlərin ədəbiyyata sevgisi, ustad sözə olan bağlılığı incə düşüncə və duyğuları da məni valeh etdi.
Məktəb olaraq təhsilimizə, mədəniyyətimizə və ədəbiyyatımıza xidmət edən belə maraqlı, yaradıcı və dəyərli görüşə görə məktəbin rəhbərliyi başda olmaqla əməyi keçən hər kəsə təşəkkür edirəm!
Uğurlarınız davamlı olsun!