“Molla Nəsrəddin” jurnalının 120 illiyi Aran filialında qeyd olundu
6 may 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında Azərbaycanda ilk şəkilli satirik-yumoristik dərgi olan "Molla Nəsrəddin" jurnalının nəşr olunmasının 120 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə rayon ictimaiyyəti, ziyalılar iştirak etdilər.
Tədbiri Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı açaraq böyük ədib Cəlil Məmmədquluzadənin ədəbiyyat aləmində Molla Nəsrəddin adı ilə tanınması, Molla Nəsrəddin kimi məşhurlaşması, xalqın hafizəsində Molla Nəsrəddin olaraq yaşamasından danışdı. O, eyni zamanda, Qədim Şərqin təfəkkür aləmini müdrik bir şəxsiyyət kimi dolaşan və heyrətamiz ağıl sahibi kimi tanınan qoca Molla Nəsrəddinin qüdrətli sənətkar Cəlil Məmmədquluzadənin başlıca estetik idealı olmasından, ictimai həyatdakı nöqsanlara Molla Nəsrəddin yumorunun müdrik təbiətindən ilham alaraq gülməsindən, insanlığın əzilib alçaldılması üçün için-için göz yaşı töküb kədərlənməsindən, müsbət meylləri Molla Nəsrəddinə məxsus humanizmlə təsdiq etməsindən bəhs etdi.
“Molla Nəsrəddin ədəbi məktəbi və üzvləri” mövzusunda məruzə edən Aran Regional filialının elmi işçisi Ülviyyə Yusifova XX əsrin əvvəllərində yaranmış “Molla Nəsrəddin” jurnalının çətin ictimai-siyasi şəraitdə formalaşmasından, onun satira vasitəsilə cəmiyyətdə oyanış yaratmasından bəhs etdi. Məruzəçi jurnalın baniləri Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin qarşılaşdıqları çətinliklər, həmçinin bu mətbuat orqanının ətrafında formalaşan ədəbi məktəbin xüsusiyyətləri, onun nümayəndələri – Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Üzeyir Hacıbəyov, Əbdürrəhim bəy Haqverdiyev və başqalarının fəaliyyəti haqqında ətraflı məlumat verdi və “Molla Nəsrəddin”i yalnız jurnal deyil, milli düşüncəni formalaşdıran, ictimai problemləri cəsarətlə qaldıran və Azərbaycan ədəbiyyatında yeni mərhələ yaradan mühüm ədəbi məktəb olmasını vurğuladı.
Tədbirdə “Molla Nəsrəddin” jurnalının yaranma tarixi, məqsədi, onun maarifçi ideyaları, təkamül yolunu və ictimai əhəmiyyətini əyani göstərmək məqsədi ilə hazırlanmış videoçarxlar nümayiş olundu.
Kürdəmir şəhər Famil Həşimov adına 3 nömrəli və Sadiq Əliheydərov adına 4 nömrəli tam orta məktəbin şagirdləri “Molla Nəsrəddin” jurnalında çap olunmuş satirik şeirlərdən, müxtəlif rubrikalı yumoristik yazılardan nümunələr səsləndirdilər.


