Kəmaləddin Qədim - GƏMİÇİYLƏ DAVAN NƏDİ...

Ədəbiyyat 11:00 / 14.12.2025 Baxış sayı: 1609

GƏMİÇİYLƏ DAVAN NƏDİ...

Canım, nədi suqovuşan,

Nədi bu selsovan, nədi?

Mərdi namərd eləyən nə,

Qaçan nə, bu qovan nədi?

 

Bərki-boşu bilirsən ki,

Zoru-xoşu bilirsən ki.

Axı, yaxşı bilirsən ki

yağlı nədi, yavan nədi...

 

Ələknən işin olmasın,

Küləknən işin olmasın.

Fələknən işin olmasın,

çalsın, oyna havan nədi...

 

Əlində gül, vidan bəlli,

Qönçə bəlli, fidan bəlli.

Gedirsən "əlvida"n bəlli,

nədi, bu "mərhəba"n nədi?..

 

Gələndən kəm idi dünya,

Dərd idi, qəm idi dünya.

Mindiyin gəmidi dünya,

Gəmiçiylə davan nədi?..