İslam Türkay - Dərdin alım

Ədəbiyyat 21:00 / 09.12.2025 Baxış sayı: 346

·

***

Göylər kimi başım üstdə

Mənə gülmə ,dərdin alım.

Bağrımda xalı toxuyub,

Vurdun ilmə ,dərdin alım.

Mən Tanrıdan çağlayanam,

Öz-özümü dağlayanam.

Mən içimə ağlayanam,

Gözüm silmə ,dərdin alım.

 

Bu eşq sənin xatan deyil,

Tufanlarda batan deyil.

Bildim əlim çatan deyil,

Yaxın gəlmə ,dərdin alım.

 

Mənim üçün mavi göysən,

Mən torpağam ,mavi göy—sən.

Axır məni bir gün duysan,

Ölmüş bilmə ,dərdin alım...