Hüseyn Kürdoğlu - 90
***
Məcnun varisiyəm, Kərəm simsarı,
Mənim çəkdiyimi el çəkə bilməz.
Hicranın bir anlıq müsibətini
Gün nədir, ay nədir, il çəkə bilməz.
Ədalət, mərhəmət xülyadır, xülya,
Səadət deyilən bir dadlı röya.
Gör necə dünyadır düşdüyüm dünya,
Qarışqa yükünü fil çəkə bilməz.
Qarışıb yalana, seçilmir doğru,
Baxışlar möhtəkir, ürəklər oğru.
Kimin ki, eşq ilə yanmasa bağrı
Sevda rübabına tel çəkə bilməz.
Baxtım gah bəm olur, gah orta, gah zil,
Hər üç məqamda da sızlayır könül.
Ağıl kamil olsa al eyləməz dil,
Ağlın bəlasını dil çəkə bilməz.
Tanrı kainatda, sən yerdə təksən,
Acı taleyimə şirin diləksən.
Şeytan məskənində yalqız mələksən,
Kürdoğlu hüsnündən əl çəkə bilməz.
1993
QOY BAXIM,
EY GÖZ YAŞIM
(Bir şəklin önündə)
Qoy baxım, ey göz yaşım, doğma diyar şəklinə,
Ağ gədikdə saçımtək işıqlı qar şəklinə.
Nə zamandır qan ağlar o çaylar, o çeşmələr,
Tanrı dönüb baxırmı qanlı bahar şəklinə?
Şerim pərvaz eyləsin Qarabağ göylərinə,
Qatışsın durnaların qatar-qatar şəklinə.
Kor olaydı gözlərim kaş baxa bilməyəydim,
Gözəl Qırxqızım təki niskilli yar şəklinə.
Köksündən yaralanmış vüqarlı qəhrəmandır,
Can verib rəssam əli bu xan çinar şəklinə.
Qan aparan bir əsgər son nəfəsdə boylanır,
Sal qayada çəkdiyi qəmli nigar şəklinə.
Şuşanın qayaları ekran açmış elə bil,
Od vurulmuş evlərin yanar-yanar şəklinə.
Bu tablonun önündə söykənmişəm divara,
Heyrətimdən dönmüşəm köhnə divar şəklinə.
5.XII.1994
BİR PARÇA ÇÖRƏK
Bir parça çörəkdən yana atəşlərə yandıq,
Dünya bizi xar eylədi, dövrandan usandıq.
Dağ çaylarıtək sərsəri sellərlə bulandıq
Bir parça çörəkdən yana.
Söz düşdü kəsərdən və dəyərdən, paxır oldu,
Rütbəylə ucalmışlara aləm axur oldu.
Dünya gözümüzdə sona yetdi, axır oldu,
Bir parça çörəkdən yana.
Qoymuş qumara yurdumuzu qorxulu başlar,
Əlxərci umur boş qafalardan dolu başlar.
Düşmüş ayağa boynu bükülmüş ulu başlar,
Bir parça çörəkdən yana.
Hər yan bazar olduqca ədalət də satıldı,
Ismət də, şərafət də, məhəbbət də satıldı.
Heyhat! Ucuz mal kimi qeyrət də satıldı,
Bir parça çörəkdən yana.
1992
SEVGİLƏNMİŞƏM
Mən ki Məcnun varisiyəm, səhraya sevgilənmişəm,
Xumar gözlü, bulud saçlı Leylaya sevgilənmişəm.
Eşqimizin hicran gözü qətrə-qətrə qan ağladı,
Hər qətrəsi bir dəryadır, dəryaya sevgilənmişəm.
Ayım-günüm üzündədir, gözündədir gülçöhrəmin,
Bundan yana həm günəşə, həm aya sevgilənmişəm.
Elə bil ki, həzin səsi bir bulağın laylasıdı,
Körpələtdi bu səs məni, laylaya sevgilənmişəm.
Qısqanclarım, xəbislərim surətpərəst deyir desin,
Xoşbəxtəm ki, mən bir mələksimaya sevgilənmişəm.
Göz açdığım gündən bəri axtardığım tapılmadı,
Həqiqət bir xülya imiş, xülyaya sevgilənmişəm.
Yer üzünün hər yerinə qan saçılır zaman-zaman,
Üz tutub ulu dərgaha, səmaya sevgilənmişəm.
Nazəndələr cəfasından usanmışdım Kürdoğlutək,
O sənəmin gözündəki dünyaya sevgilənmişəm.
2002
ÇAĞIRIR QARABAĞ,
ÇAĞIRIR LAÇIN
Düşmən əlindədir aman yerimiz,
Dağların əhvalı pozulu qalmış.
Bağ-bağat doğranıb, evlər talanıb,
Yerində kötüyü, özülü qalmış.
Qonşu xain imiş kökdən. mayadan,
Uzaqdır insafdan, abır-həyadan.
Vurublar çobanı aşıb qayadan,
Yal-yamac qoyunlu-quzulu qalmış.
Yadıma düşdükcə Məcnun bulağı,
Yüz yerdən qan verir sinəmin dağı.
Yaxşı ki dağların əzəlki çağı
Şeir dəftərimdə yazılı qalmış.
Dağlar haraylayır xilaskarını,
Ana ər oğlunu, gəlin yarını.
Tutublar atəşə toy mağarını,
Şərab qədəhlərdə süzülü qalmış.
Cocuqlar qərq olub sellənən çaya,
Qalxıb şivən səsi ulduza, aya.
Dərdli bir şairdi Damcılı qaya,
Orda qan ağlayan Füzuli qalmış.
Nə zaman açılar tilsimli düyün,
Qismətim olarmı gözlədiyim gün.
Yüzün yarısını keçən ömrümün
Elə bil dağlarda yüz ili qalmış.
Deməyin ağarıb saqqalın-saçın,
Çağırır Qarabağ, çağırır Laçın.
Kəsməyin yolumu, qabaqdan qaçın,
Gülləm qatarında düzülü qalmış.
Qoca Kürdoğlunu bir əsgər sayın,
Mən dura bilmərəm arın-arxayın.
Vurulsam, qəbrimə yer axtarmayın,
Bir şəhid məzarı qazılı qalmış.
1992
ƏLLİDƏN YÜZƏ SARI
Müqəddəs bir yuvanın sonbeşik balasısan,
Ay istəkli qardaşım, əzizim, Şirindilim!
Sən arzu zirvəsində bir qeyrət qalasısan,
Yox olur sən gələndə hər dərdim, hər nisgilim,
Ay istəkli qardaşım, əzizim, Şirindilim!
Ayaq tutub, dil açdın uca dağlar başında,
Pozulmaz izlərin var torpağında, daşında.
Dağ deyib ah çəkirsən bu gün əlli yaşında,
Bu həsrətlə bağrımız doğranır dilim-dilim,
Ay istəkli qardaşım, əzizim, Şirindilim!
Yetişsin muradına bu məlakə qızların,
Ətir saçan güllərin, nur saçan ulduzların.
Qayğıların altında bir dağdır umuzların,
İftixarla söylə ki, açıb üç qızıl gülüm,
Ay istəkli qardaşım, əzizim, Şirindilim!
Yaz, yarat, qələmindən dürdanələr saçılsın,
Əsrlər gizlicində bağlı sirlər açılsın.
Pas tutmuş ehkamların daş-divarı uçulsun,
Mən də qoca yaşımda baxım, sevinim, gülüm,
Ay istəkli qardaşım, əzizim, Şirindilim!
Aç dəmir qəfəsləri, kitablara qanad ver,
Yaralı fikirlərə loğman kimi nicat ver.
Qoyma solub-sarala, sözə abi-həyat ver.
Ağrı-acıların da qoy itsin ilim-ilim,
Ay istəkli qardaşım, əzizim, Şirindilim!
Atamızın alnı tək alnında qürur görüm,
Ürəyində məhəbbət, gözlərində nur görüm.
Məcnun bulağı kimi səsini də gur görüm,
Fərəhlənir səninlə hər günüm, ayım, ilim,
Ay istəkli qardaşım, əzizim, Şirindilim!
Düşmədin dalısınca sən də şöhrətin, şanın,
Dağların vüqarıdır mərdanəlik nişanın.
Ucaldırsan adını babamız Alışanın,
Ləyaqət budur dedin: ulular qədri bilim,
Ay istəkli qardaşım, əzizim, Şirindilim!
Əllidən yüzə sarı yolların hamar olsun,
Bar versin diləklərin, Tanrı sənə yar olsun.
Yüz il sonra saçların mənimki tək qar olsun.
O gün nura qərq olar əbədiyyət mənzilim,
Ay istəkli qardaşım, əzizim, Şirindilim!
9.10.2002