GƏDƏBƏY RAYONUNUN ADININ "QZILTORPAQ" OLARAQ DƏYİŞDİRİLMƏSİ TƏKLİFİ
Tarixi, iqtisadi və mədəni əsaslar
Son illərdə Azərbaycanın bir sıra bölgələrində toponimlərin yenilənməsi, tarixi və mədəni dəyərlərə daha uyğun adların seçilməsi ilə bağlı müzakirələr kontekstindən çıxış edərək, bir vətəndaş və Gədəbəyə ürəkdən, candan bağlı , həm də bu gözəl diyarın bir övladı olaraq TƏKLİF EDİRƏM Kİ, Gədəbəy adı “Qızıltorpaq” ilə əvəz edilsin. Təklif etdiyim bu İSTƏK həm tarixi köklərə, həm də bölgənin iqtisadi və simvolik mahiyyətinə əsaslanır.
Tarixən Gədəbəy Azərbaycanın ən qədim mədənçilik mərkəzlərindən biri kimi tanınmışdır. Buradakı mis və qızıl yataqları hələ XIX əsrdə dünya sənayesinin diqqətini cəlb etmiş, Nobel qardaşları və Siemens kimi şirkətlərin bölgədə fəaliyyət göstərməsi tarixə düşmüşdür. “Qızıltorpaq” adı məhz bu tarixi mirası yada salır və bölgənin köklü sənaye ənənəsini məntiqli şəkildə simvolizə edir. Rayon ərazisi təbii sərvətlərlə zəngindir. Qızıl, mis yataqları həm tarixi, həm də müasir dövrdə Gədəbəyi iqtisadi cəhətdən strateji bölgəyə çevirib.
“Qızıltorpaq” adının seçilməsi rayonun iqtisadi potensialını daha aydın ifadə edə, brend dəyərini yüksəldə bilər. “Qızıltorpaq” ifadəsi təkcə mədənçiliyi xatırlatmır. Bu ad həm də torpağın dəyərini, müqəddəsliyini və bərəkətini vurğulayan poetik məna daşıyır. Azərbaycan ədəbiyyatında “qızıl torpaq” obrazı tez-tez vətən anlayışı ilə yanaşı işlədilir. Bu baxımdan bu yeni ad həm milli-mədəni simvolika ilə uyğundur, həm də bölgənin obrazını gücləndirir. Son illərdə ölkədə turizmin inkişafı fonunda bölgələrin adları onların tanıdılmasında mühüm rol oynayır. Dünyada bir çox regionun uğurla tanınması məhz adın yaddaqalan olmasından başlayır.
Zənimcə “Qızıltorpaq” adı turistlər üçün həm ekzotik, həm maraq doğurucu, həm də cəlbedici səslənər və bölgənin təqdimatını gücləndirə bilər. Niyə məhz “Qızıltorpaq”?
1. Tarixi mədənçilik ənənəsini əks etdirir
2. Rayon qızıl-mis yataqları ilə tanınır
3. Poetik və milli çalarda səmimi bir ifadədir
4. Bölgənin tanıtım dəyərini yüksəldə bilər
5. Yaddaqalan və özünəməxsus bir addır
Düşünürəm ki, Gədəbəy rayonunun adının “Qızıltorpaq” olaraq dəyişdirilməsi ideyası sadəcə toponim dəyişikliyi deyil, həm tarixi, həm iqtisadi, həm də mədəni əsaslara söykənən konseptual bir yanaşmadır.
Zəka Vilayətoğlu.
yazıçı, şair, Prezident mükafatçısı