Fəxrəddin Teyyub - BİR DƏ GÖRDÜN

Ədəbiyyat 08:55 / 09.12.2025 Baxış sayı: 696

 

Bilmək olmur, bu dünyada birdi dərd?

Kimə aşkar, kimə görən sirdi dərd?

Saç ağarıb, üz qırışıb, dərddi dərd,

Adamı heç incidən yox yaş kimi.

 

Qoymurlar ki, qalasan öz havanda,

Yol götürüb işlər getmir avanda.

Səhərəcən gözüm qalır tavanda,

Gənclik çağı yuxum vardı daş kimi.

 

Od kimidi, bir anı var ahımın,

Neçə- neçə ünvanı var ahımın.

Üşüyürəm ayazında ruhumun,

İndən belə mənə yaz da qış kimi.

 

Bilirəm ki, məni dərdə salan kim,

Bilirəm ki, doğru kimdi, yalan kim.

Ömürdü də, hamı köçür, qalan kim,

Bir də gördün uçub getdim quş kimi.