Əşrəf Veysəlli - KƏKLİYƏ BAX,KƏKLİYƏ
Yeriyəndə yerişi hər yerişdən itidir,
Uçan zaman uçuşu ildırım sürətidir.
Oxuduğu nəğmələr bəlkə məhəbbətidir,
Hey oxuyur, oxuyur, yorulmayır bəs niyə?
Kəkliyə bax, kəkliyə!
Səhər olcaq görürsən daşdan-daşa səkir o,
Balası var, bəlkə dər keşiyini çəkir o.
Bu çılpaq daşlaramı gözlərini dikir o,
Niyə uçub getməyir güllüyə- çiçəkliyə?!
Kəkliyə bax, kəkliyə.
Bəlkə ovçu görübdür, uçub gözdən itibdir,
Nərgizdirmi görəsən sinəsində bitibdir.
Təbıətmi yaradıb, ya rəssammı çəkibdir,
İncidirmi, düşübdür daşlığa, kəsəkliyə,
Kəkliyə bax, kəkliyə.
Onu ayrı salmayın torpağından, daşından,
Qoy o uçub getməsin bu dağların qaşından.
Ovçu qardaş, sən canın, ayırma sirdaşından,
Qıyma ağır sükunət bu dağları təkliyə,
Kəkliyə bax, kəkliyə!
Kəkliyə bax, kəkliyə!!!
1957 -ci il.