Elnur Uğur Abdiyev - Ömür vəfa eləsə...
Ömür vəfa eləsə, qəza cəza kəsməsə,
Gəl ümid də kəsməyək bəxtlərin görüşünə.
Hələ ki qoşulmuşuq zaman adlı axına,
Gedirik uzaqlara bir eşqin yürüşünə.
Qəm yemə hər baxanda qəlbdə hicran büstünə,
Ovxalama gözünü acısa da tüstünə.
İnan,inama söykən sevgini ört üstünə,
Səhər qəlbən gülə bil Günəşin gülüşünə.
Düşünsən bu düşüncə işıq saçmaqdır yola,
Gedərsən yolu sona öz- özünlə qol- qola.
Nəyə gərək sevdadan bir addım qalmaq dala,
Qoşulub getmək varkən Tanrının yerişinə.
Sən sədləri yıxmağa gəldin cahanda cana,
Sərhədləri yıxmağa gəldin cahanda cana.
Son hədləri yıxmağa gəldin cahanda cana,
Ox kimi qoyulmusan zamanın kirişinə.