Elnur Uğur Abdiyev -  Bu xaraba dünyada

Ədəbiyyat 12:46 / 14.12.2025 Baxış sayı: 1714

 Bu xaraba dünyada

Nə dayım oldu söykənəsi,

Nə əmim oldu,

Tutub əlimdən irəli çəkəsi.

Uşaqlıqdan yaxşı qapıçı idim futbolda

Bir dənə top keçmədi

Futbolçular keçdi məndən.

Bu meydanca dünyanın

Xətləri mənə üfüq xətti qədər uzaq.

Oynama, özünlə oynama

40 yaşlı başıbəlalı uşaq.

Tutduğun toplar

Kimisə xoşbəxt edə bilərdi düşün

Hansısa dayılının,əmilinin

Əlindən haqqını aldığın gün

Sən dünyaya xoşbəxtlik gətirmisən.

Hardasa xaraba qoyulacaq bir ömrü

Abad eləmisən,

Xoşbəxtsən

Sən

Bir də səndə sən

Görürsən necə səndəsən?

Dünyanın bütün əndazəsiz işvələri

Adamı kəndindən çıxarır,

Adam böyük şəhərlər tez pozur.

Ən gözəl hüzur

Asfalt yolların altındakı

Torpaq yolun sinəsi altda yatır.

O yolun qolu

Gör hardan- haracan çatır?