Ələddin Əzimli -MÜRGÜ

Ədəbiyyat 21:23 / 13.12.2025 Baxış sayı: 1968

 

"Sözlərdəki sən"dən

Sakit gecədir,

mürgüləyirəm masanın arxasında.

Elə burdaca

yatmaq istəyirəm,

qələm-dəftərdən,

evdəkilərdən xəbərsiz.

Bu həzinlik

sanki layla çalır mənə.

Vədəsiz yuxu

ağuşuna alır məni.

Narın yağışlı hava,

yapışmışam əlindən.

Həmişəki bağçadır,

Amma yaz yox, payızdır.

Yer-göy tamam dəyişib,

vaxt, təbiət

aşıb oz sərhədini.

Bir az irəlidə

qaranlığın içindən

kimsə səsəyir məni,

ayiliram mürgüdən...

Nə o narın yağış var,

nə o çiskinli bağça,

nə də əli əlimdəki sən.

Vaxt keçir, gecə ötür.

Yenə də əvvəlkitək

yapışmışam

ruhuma dayaq olan

daimi həmdəmimdən-

qələmdən.