Coşqun   Xəliloğlu - BIÇAQ

YAZARLAR 08:20 / 09.12.2025 Baxış sayı: 1299

 

(QISA HEKAYƏ)

Atam rəhmətə gedəndə on beş yaşındaydım. Ailənin böyük uşağı idim, iki qardaşım və bir bacım vardı. Anam heç yerdə işləmirdi. Dolanışığımız çox çətinləşmişdi. Mən evə çörək gətirməliydim. Bir müddət çayçı Ağanovruza kömək etdim. Səhərdən axşama kimi işləsəm də mənə qəpik-quruş verirdi.

Sonra tikintidə işlədim. Bənna köməkçisi idim. İşimiz pis getmirdi. Yavaş-yavaş özümü düzəldir, evimizə bacardığım köməyi edirdim. Qonşumuz Zeyni da mənimlə birlikdə Sadıqağaya kömək edirdi. İşə Zeynidən çox can yandırırdım. Həm də ona nisbətən boylu-buxunlu, güclü olduğuma görə yorulmaq bilmirdim. Sadıqağa da tez-tez məni tərifləyir, - Ay Zeyni, Bahadur kimi işləmək lazımdır. Maşallah, od parçasıdır, deyirdi. Zeyni qızarır, pörtür, amma heç bir şey deyə bilmirdi. Ustanın işimi bəyənməsi, xətrimi istəməsi məni çox sevindirirdi.

Bir gün nahar vaxtı adətimiz üzrə evdən gətirdiklərimizi süfrəyə düzüb yeməyə başladıq. Sadıqağa şörək bıçağını axtardı, ciblərini eşələdi, təmiz paltarlarını yoxladı, amma tapmadı. - Lənət şeytana, dedi, belə də iş olar? Tezdən cibimdə idi.

Birdən, Zeyni, gözlərini bic-bic qıyaraq:

-Usta, bəlkə, şeytan onu kiminsə cibinə qoyub?

-Nə danışırsan, mən nə Bahadurdan, nə də səndən heç vaxt şübhələnmərəm.

-İndiki cavanları bilmək olmur, özlərini mələk kimi göstərirlər, axırda məlim olur ki, şeytanın böyüyüdürlər. Bu saat mən bıçağı taparam.

Zeyni əvvəlcə qab-qacaq yığılmış şkafı yoxladı, sonra özünün təmiz şalvar-pencəyinin ciblərini eşələdi, hətta onları çevirdi də. Sonra keçdi mənim paltarlarıma, əvvəl şalvarımın, sonra pencəyimin ciblərini qurdaladı. Əlini qoltuq cibinə saldı və qışqırdı:

-Budur bıçaq! Oğru Bahadur yaxalandı.

Gördüyüm mənzərədən az qaldım dəli olam. Zeyninin tələsi idi. Özümü saxlaya, əsəblərimi cilovlaya bilmədim. Var gücümlə yumruğumu Zeyninin başına endirdim. O, yerə yıxılaraq huşunu itirdi. Sadıqağa kişi təlaşla:

-Ayə, Allah evini yıxsın. Nə etdin? Məni zibilə saldın.

Bir müddətdən sonra Zeyni özünə gəldi, gözlərini açdı və məni görən kimi yenidən bayıldı. Onu axşama yaxın güclə ayılda bildik. Həmin gün nahardan sonra işləmədik.

Növbəti gün səhər işə gələndə sahə müvəkkili Cəsarətin məni gözlədiyini gördüm. O, məni çox çək-çevir etdi. Bıçaq oğurlamadığımı, günahsız olduğumu sübut etməyə çalışdım. Cəsarət:

-Həm oğurluq, həm də xuliqanlıq etdiyinə görə səni gedər-gəlməzə göndərəcəyəm. Gedib orada sübut edərsən.- hirslə üzümə bozardı.

Üzünü Sadıqağaya tutub:

-Danış, ən doğrusun sən bilirsən.

Düşündüm ki, az qala böyük qardaş saydığım bənna danışacaq və hər şey mənim xeyrimə həll olunacaq.

-Yoldaş rəis, sözün düzü, Bahadur işləyən oğlandı, amma bir az əliəyriliyi var. Yetim oğlandı, insanlıq edib gətirdim yanıma. Keçən dəfə bahalı fincanımı oğurlamışdı. Səsimi çıxarmadım ki, ayıbdı. Dünən də bıçağı oğurlayıb, təqsirini boynuna almaqdansa, düşüb yazıq Zeyninin üstünə, fağırı az qala öldürmüşdü-Sadıqağanın sözünü kəsmək istədim:

-Usta, nə fincan?

-Səsini kəs, alçaq.- Cəsarət üstümə qışqırdı.-guya bilmirsən?

Əlim üzümdə qalmışdı, ürəyimi sıxılırdı. Sadıqağanın Zeyninin hiyləsiylə məni oğru hesab etməsi alacağım cəzadan daha ağır idi.