Aysel Zülfüqarın ŞEİRLƏRİ

Ədəbiyyat 18:16 / 06.12.2025 Baxış sayı: 569

İçimdə neçə baharın
 vaxtsız ölümünü gördüm.
Kəpənək yuxularımın,
torlu zülümünü gördüm.

Günəş görməyən ömrümün
çiçəklərini don vurdu.
Hər solmuş gül ləçəyində
sozalmış üzümü gördüm.

Ay işığı güzgüm oldu,
çöhrəmə baxdım, nurlandım.
Ulduzların axışında
sönməyən özümü gördüm

Xəzəl-xəzəl töküldükcə,
payıza şeir oxudum.
Bu qızılı sətirlərdə
dirilən sözümü gördüm.

 

***

Yay yağışı xatirəmi oyatdı.
Döndüm yenə doğulduğum ilk günə.
İyul ayı gülümsədi sirlicə
12-si həyat verildi mənə.

Qara gözüm sehir dolu dünyaydı,
O dünyayla bu dünyaya baxırdım.
Göylərdəki ən parlayan ulduzu
Gözlərimlə ayağıma çağırdım.

Zər halqalı Saturn oldu aşiqim,
Dolandıqca dolanırdı başıma.
Mən görmürdüm, hiss eləyən ruhumdu,
O cazibə yaraşmırdı yaşıma.

Yay yağışı yağdı elə həmin an,
Qəfil kəsdi... və parladı göy üzü.
Göyqurşağı halə qurdu səmada,
Yeddi rəngi yeddinci ayın sözü.

Yay yağışı xatirəmi oyatdı,
Döndüm yenə doğulduğum o günə.
Allah, sənə bir təşəkkür borcum var,
Mənə verib ən bir ali missiya,
Bir azacıq bənzətmisən özünə.

***

Mən hələ duyğulardan
çələng hörən qızcığaz,
Mən hələ bu dünyanın
özündən dəli bir az.

Mən nazlı kül kedisi,
dənizdə mərcan rifi.
Mən bu solğun aləmin
ən rəngli bir kələfi.

Mən küsəyən və məsum,
yaşıma yaraşmayan.
36 yaşında
yaşıyla barışmayan.

Mən hər zaman gözündə
sabaha ümid olan,
Ən kədərli anında
qəmindən sevinc doğan.

Mən Simurq qanadında
nağıllara yol alan.
Mən sərçə gözlərində
yatıb yuxuya qalan.

Mən həm qorxaq, həm cəsur,
mən azadlıq carçısı...
Öz sərhəddin pozmayan,
amma haqq savaşçısı...

Mən alovlar içində
sabahlara yürüyən.
İllərin qəm yükünü
arxasınca sürüyən.

Mən müəmma, mən sehir,
8-ci möcüzə.
Mən içimdə gizliyəm,
görünmürəm hər gözə.

Məni duymaq istəyən
oddan köynək geyməli.
Mən atəş böcəyiyəm,
alovuma dəyməli.

Sığındığım limanım
bir körpənin gözündə.
İtirəndə özümü,
tapıram nur üzündə.

Mən təpədən-dırnağa
nağıllaşan biriyəm.
Nağılımdan dünyaya
qonaq gəlmiş pəriyəm.