Aysel    Xanlarqizi Səfərli - Her gün bir tel qopur

Ədəbiyyat 13:41 / 12.11.2025 Baxış sayı: 1025

Her gün bir tel qopur

ruhumun

sevgi simlərindən…

Yavaş-yavaş

Xaric səslənirik

Oxuduğumuz eşq nəğməsində.

Do notu

barmaqlarım arasında susqun,

Re- ni üzgün görürəm.

Bir həsrət çaları var

Mi səsində…

Fa- notu yolun ortasında

peşman və üzgün,

Sol səsi

Sol açarından küskün,

Lya- oktavada

ayrılığa gedən yolun sonu,

Si- bu sevgidəki ən yanıqlı

nöqtə,

Peşmanlıq

Və yalnış həyatımdakı

Son beyt,

Məqtə…

Budur,

bizim musiqimiz səslənir,

Bir günahsız sevgi

ömrün son akkordlarında

bəstələnir,

Gözlərimdəki kədərdə

Dəfn olur…

Maestro,

Götür bu şeiri

İfa et, əlvida əvəzi

Mavi gözlü göy üzünə,

bulud əlçimlərində…