Ayaz Arabaşı - Pulum tamam qurtarıb..

Ədəbiyyat 20:09 / 06.12.2025 Baxış sayı: 508

Kövrəlibdi sinəmdə neçə-neçə bayatı,

Bu bazar da beləcə evdə məhbus həyatı.

Puldan çox gileyliyəm, çünki o olmayanda,

Nə bir arzu cücərir, nə bir sevgi boy atır..

Pulum tamam qurtarıb..

 

Dərdimi oynatmağa zurna da var, dəf də var,

Ümid yeri bildiyim hər qapıda cəftə var.

Keçən aykı maaşım canı burnunda gəldi,

Gələn aykı invalid maaşa üç həftə var.

Pulum tamam qurtarıb.

 

Çatdırmıram övrətə ayda bir yol naz pulu,

Çökübdü xirtdəyimə işıqpulu, qazpulu,

Zənci üzünə dönüb üzü zəmanəmizin,

Hansı yırtığa dürtüm, mən bu qədər az pulu.

Pulum tamam qurtarıb.

 

İtirib nəzarəti yer üstündə fələklər,

Şeytanı mat qoyubdu allı-güllü kələklər,

Hansını qurdalasan altından milyon çıxır,

Burda pula- pul demir məmuri-dümbələklər.

Pulum tamam qurtarıb.

 

Şeytan fəhləsi kimi boş yerə çaba, ancaq..

Xəyalplov çəkirsən hər dəfə qaba, ancaq.

Dinəndə yüz cür nağıl uydurur birnəfəsə,

Yağlıca vədlər verir hökumət baba ancaq..

Pulum tamam qurtarıb.

 

Zirvəsindən enmişəm al qədəhli tostların,

Qoymurlar ki, birini tutam pullu postların.

Görüşəndə yalandan hamısı yola verir,

Vecinə də deyil heç, halım pullu dostların.

Pulum tamam qurtarıb.

 

Kefi kökdü amma bax, əzdirib, əzənlərin,

Sayı yaman çoxalıb üstündə əsənlərin,

Bu yandan da bahalıq qılıncını qurşayıb

Allah öyünü yıxsın görüm pul kəsənlərin.

Pulum tamam qurtarıb.