Arzu Əsəd -  Müharibədən əvvəlin  ŞEİRİ

Ədəbiyyat 08:00 / 09.12.2025 Baxış sayı: 603

Müharibədən əvvəl yazmışdım bu şeiri. Böyük Zəfərdən sonra ümid vardı ki, məmləkətin havası bu lənətdən təmizlənəcək, mənəviyyatlar durulacaq, əməllər, tərzlər, münasibətlər dəyişiləcək. Olmadı. Bu lənət artıq qanımıza işləyir...

 

Söyüş yağır məmləkətə,

Söyüş tutub yeri-göyü.

Yoluxubdur bir lənətə -

Azərbaycan söyüş söyür!

Söyüş yağır məmləkətə,

Kül püskürür qoca vulkan.

Söyüş söyür alim, gədə,

Söyüş çıxır hər ağızdan.

Səpilir kəndə, şəhərə

Narın söyüş yağa-yağa.

Hamı çıxır küçələrə

Bu söyüşdə islanmağa.

Hər kəs söyür bir-birinə,

Böyük-kiçik, arvad-uşaq,

Belə getsə bu ölkədə

Söyülməyən qalmayacaq.

Söyüş-salam göndəririk

Uzaqdan bir-birimizə.

Söyüş-salavat veririk

Ölümüzə-dirimizə.

Mənəviyyat dəlik-deşik;

Söyüşürük həzz içində.

Sado-mazoxistləşmişik -

Miıllət ekstaz içində.

Hər şey çevrilir söyüşə

Elə canlı, elə asan,

İndi sən durasan necə

Freydə inanmayasan.

Azadlığa könül verdik,

Başımıza hər iş gəlir.

Mədəniyyət gözləyirdik,

Avropadan söyüş gəlir.

Bu da bir dava yoluymuş,

Sənin davanı görsünlər.

Mübarizə üsuluymuş,

Üsuluna tüpürsünlər.

Söyüş haqqın yolu olmaz,

Yezid hara, sünnət hara?

Söyüşlə haqq qazanılmaz,

Şeytan hara, cənnət hara?

Nifrət söyüşə çevrilsə,

Məzlumun ahına dönməz.

Yolun özü haqq deyilsə,

Axırında haqq görünməz.

Bir il, üç il, bu yazıq xalq

Söyüşə də öyrəşəcək.

Sözün içi boşalacaq,

Söz də dəyərdən düşəcək.

Söyüş çıxan dil-dodaqlar

Dua üçün yaranıbdır.

Bəndədən utanmayanlar,

Bəlkə Allahdan ayıbdır?

Azərbaycan ocaq olub,

Müqəddəsdir içi-dışı.

Şəhid qanıyla yuyulub

Bu torpağın hər qarışı.

Ürəkləri, beyinləri

Söyüşlərlə kirlətməyin.

Pırıl-pırıl nəsilləri

Bu pisliyə öyrətməyin.

Ey Lut əhli - ey lüt əhli,

Ey Vətənin övladları!

Zamanmı boş, sizmi dəli?

Sevindirməyin yadları.

Bu söyüşlər yedəyində

Qırğın, qada, qan gələcək.

Baxıb tarimar Vətənə,

Söyən dillər dincələcək.

Dinclik göyə çəkiləcək,

Xeyir-bərəkət itəcək.

Tarix kökündən siləcək,

Yerimizdə ot bitəcək!