Sədaqət Kərimova - Həsrətimin ünvanı...

Gündəm 13:34 / 16.04.2026 Baxış sayı: 130

Yeni kitabım işıq üzü gördü. Sayca neçənci olduğunu artıq xatırlamıram, çünki hər biri mənim ömrümün parçalarıdır, yaşanmış hisslər, keçilmiş yollar, duyğuların sözə çevrilmiş hallarıdır. Bu dəfəki kitabımın adı “Həsrətimin ünvanı”dır.

Oxucularım bilirlər ki, mən qələmimi üç dildə, ən çox isə ləzgi və azərbaycan dillərində işlədirəm. Bu kitab üçün ləzgi dilində yazdığım bir romanı, bir neçə povestimi və hekayələrimi özüm Azərbaycan dilinə çevirdim. Niyə? Çünki yazar öz ana dilində yazanda söz daha canlı olur, daha dərindən nəfəs alır. İstədim ki, oxucularım məni daha yaxından, daha dərindən duysunlar. İstədim ki, təkcə məni yox, mənim dünyamı, mənsub olduğum xalqın ruhunu, onun düşüncə tərzini, incə duyğularını da hiss etsinlər.

Bu, sadəcə tərcümə deyildi, bu, özümə qayıdış idi. Hər cümləni yenidən yaşamaq, hər obrazın taleyindən bir daha keçmək idi. Sözləri bir dildən digərinə yox, bir ürəkdən başqa bir ürəyə aparmaq idi. Mən çalışdım ki, əsərlərin ruhu dəyişməsin, milli koloriti itirilməsin. Çünki söz yalnız məna deyil, o, yaddaşdır, kökdür, tarixdir, nəfəsdir.

Sevinirəmmi?.. Yeni doğulan övladına sevinən ana kimi. Arzusunda olduğu oyuncağına çatan uşaq kimi. İtirdiyini tapan insan kimi. Qışdan sonra baharın nəfəsini duyan ağac kimi.

Bəlkə də daha çox… Çünki hər kitab yazıçının ürəyindən qopmuş zərrələrdir. Onun yaşadığı anların, çəkdiyi ağrıların, gizlətdiyi sükutların, yaşatdığı sevgilərin səsidir. Hər səhifədə bir ömrün, hər cümlədə bir taleyin izi qalır.

Mən yazarkən səmimi olmaya bilmirəm, çünki yazmaq mənim üçün yaşamaqdır. Bəlkə də elə buna görə Tanrı mənə ən böyük sərvətimi bəxş edib - sizləri, mənim daimi oxucularımı. Sizin varlığınız mənə güc verir, qəlbimə işıq salır.

Sizi sevirəm, əzizlərim! Çünki bu dünyada məni sizin qədər anlayan, sözümün arxasındakı mənaları duyan yoxdur.

PS. Kitabımın Bakıda keçiriləcək təqdimat mərasimində iştirak etmək istəyənlər mənimlə əlaqə saxlaya bilərlər. Məmnuniyyətlə onlara dəvətnamə göndərərəm.