Kəmaləddin Qədim - ÖLMƏK ÖLMƏKDİSƏ...

Ədəbiyyat 10:23 / 16.04.2026 Baxış sayı: 234

 

Ölmək ölməkdisə, ta, niyə,adam,

Sir kimi görünüb, sir də öləsən.

Ya qismət bu boşa, faniyə, adam,

Bir də doğulasan, bir də öləsən.

 

"Quran" deyilsən ki, nazil olasan,

Elə oxunmağa hazır olasan.

Ya niyaz olasan, nəzir olasan,

Gedəsən ocaqda, pirdə öləsən.

 

Tutasan doğrunun, düzün əlindən,

Axıra ağ çıxa üzün əlindən.

Lap elə bir gözəl qızın əlindən,

Düşəsən bir qəfil dərdə, öləsən.

 

Geriyə yolmu var gedən, qürbətdən,

Nədən bezəsən ki, nədən, qürbətdən?

Bir halda seçilmir Vətən qürbətdən,

Daha nə fərqi var harda öləsən?

 

Səsini eşidib, duymasalar da,

Halalca haqqını qıymasalar da.

Nolar, yaşamağa qoymasalar da,

Qoyalar öldüyün yerdə öləsən.