Ayaz Arabaçı -Öyünmə boş yerə, bir zibil deyil
Öyünmə boş yerə, bir zibil deyil,
Külli-kainatın, aləmin, Allah.
Qatla barmağını, gedib çatıbmı,
Biri qulağına, naləmin, Allah.
Hər kəsin dilinin "təkbiri" sənsən,
Hamımız ölüyük, tək diri sənsən,
Dünyanın ən böyük bankiri sənsən,
Azalmır faizin, sələmin, Allah.
Qırdım içimdəki nəfsin dişini,
Mən ki, heç əymədim sənin işini,
Kim verir bu qədər sifarişini,
Torbamın, quyumun, tələmin, Allah.
Toyunda matəmdi, matəmində toy,
Nə zaman susacaq o qanlı qaboy,
İstəsən, üstünə birini də qoy,
Çəkdiyim bu ağır şələmin, Allah.
Ən ali məqama gedib çatıbsan,
Oyaq deyilsənsə niyə yatıbsan..
Altına nə cürə imza atıbsan,
Bu qədər ağrının ələmin, Allah.
Tərəzin dayanıb, çəkidə düşmür,
Ağzına gələni nə ki, de, düşmür
Yazdığın yazıya "iki" də düşmür,
Qələmin qırılsın, qələmin Allah.