Məmməd Qədir - Bir ləçək sevgi
Eh, hələ neçələr gəlib gedəcək,
Dünya fanı imiş, bilib gedəcək,
Hamı bu dünyadan ölüb gedəcək,
İnsanı yaşadan bilirsən nədi,
Eşq adlı müqəddəs, İlahi vergi,
Bir yarpaq məhəbbət, bir ləçək sevgi.
Qara taleyini min rəngə boyar,
Səni pir eyləyib peyğəmbər sayar,
Ətri-qoxusunu ömrünə yayar,
Gülüstan eyləyər o çiçək sevgi,
Bir yarpaq məhəbbət, bir ləçək sevgi.
Sevgi işığına qərq olar həyat,
Başında yel oynar, çiynində qanad,
Sənin saatınla işlər kainat,
Göylərin qübbəsi, torpağın təki,
Bir yarpaq məhəbbət bir ləçək sevgi.
Mürgüləyən bəxtin oyanar nura,
Söykənər işığa, dayanar nura,
Dünya işığından boyanar nura,
Gözəllik paylayar bu göyçək sevgi,
Bir yarpaq məhəbbət, bir ləçək sevgi.
Qönçə pıçıltısı, buta səsidir,
Qeybdən səslənən ruh nəğməsidir,
Tanrının ən gözəl möcüzəsidir,
Hamını cüt edən, özü tək sevgi,
Bir yarpaq məhəbbət, bir ləçək sevgi.
Mehrini sal, Məmməd, məhəbbət olar,
İmana çevrilər təriqət olar,
Haqqa qovuşduran həqiqət olar,
Yalan dünyamızda bu gerçək sevgi,
Bir yarpaq məhəbbət, bir ləçək sevgi...