Bəhram Bilaloğlu - Zirvə insanın dayandığı yer deyil...

YAZARLAR 10:31 / 16.04.2026 Baxış sayı: 706

Gecənin sükutu insanın içindəki səsi daha aydın eşitdirirdi. O səssizlikdə iki yol görünürdü — biri gözə görünən, digəri isə yalnız qəlblə sezilən.

Birincisi ilə çoxları gedirdi. Addımları arxayın, baxışları iti, sözləri ölçülü. Hər kəslə ağıllı davranır, hər məqamda öz mənfəətini qoruyurdu. Onların düşüncəsində həyat bir hesab idi — kimə nə qədər yaxın olmaq, nə qədər uzaq durmaq, nə qədər qazanmaq... Onlar uduzmadıqlarını zənn edirdilər. Amma bilmirdilər ki, itirdikləri şey ölçüyə gəlməyən idi.

Digər yol isə sakit idi. Orada tələsən yox idi. Bu yolla gedənlər əvvəlcə özlərini itirmiş kimi görünürdülər. Çünki onlar hesabdan vaz keçmişdilər. Qəlbin tərəzisini seçmişdilər. Hər şeyi olduğu kimi qəbul etməyə başlayanda, yükdən azad oldular. Nə kiminsə eybi onları sarsıdırdı, nə də kiminsə üstünlüyü onları əyirdi.

Bir gün həmin yolçuların qəlbində bir pərdə aralandı. Onlar anladılar ki, görmək üçün göz yetərli deyil — görmək üçün hal lazımdır. O hal isə arifliyin nəfəsi idi.

Bu nəfəs onlara sakitlik verdi. Sakitlik isə ucalıq gətirdi.

Artıq onlar heç nə ilə mübarizə aparmırdılar. Çünki mübarizə aparan nəfs idi. Onlar isə nəfsi tanımış, amma ona tabe olmamışdılar. Hər kəsi olduğu kimi qəbul etmək, əslində, özünü tanımağın başqa adı imiş — bunu dərk etdilər.

Digər yolda gedənlər isə hələ də qazanmaqla məşğul idilər. Amma nə qazandıqlarını bilmirdilər. Hər gün bir az daha uzaqlaşır, amma yaxınlaşdıqlarını sanırdılar.

Və həyat səssizcə iki dəstəni ayırdı:

Biri görünən uğurun içində itənlər,

Digəri görünməyən həqiqətdə ucalanlar...

Arif olanlar zirvəyə qalxdı, amma zirvəni özlərinə aid etmədilər.

Çünki artıq bilirdilər:

Zirvə insanın dayandığı yer deyil —Mənəviyyat anlayışının çatdığı yerdir.