Əlizadə Nuri : - Gəl, gedib oynayaq o payız ilə…

Ədəbiyyat 23:39 / 31.01.2023 Baxış sayı: 1192

 

 

Payızla doludu bu yol, bu səki,

Çağır göy üzünü- təzə su gəlsin.

Sonra o yağışdan üstünə səp ki-

Üstündən allahın qoxusu gəlsin…

 

O yağış canımdan yuyarmı pası,

Yuyarmı bu tozu, yuyarmı dərdi?

Ay da göy üzündə gecə lampası-

Ulduzlar yanında pərvanələrdi…

 

Gecənin altından götür səhəri-

Günəşlə oynayaq uşaqlar kimi.

Ömür də beləcə əriyir, pəri

Sənin yanağına düşən qar kimi…

 

…Evdə darıxmaqdan evi də üzdüm,

Görən neynir indi sənin əllərin?

Gəl çıxaq şəhərə bu axşamüstü

Gedib danışdıraq o heykəlləri…

 

Sevincdi… hərəyə bir qırıq düşüb,

Allah da xəsislik edir adama.

Bizim arxamızca ayrılıq düşüb-

Gəl, gedib qoşulaq o izdihama…

 

Hərə bir qayğının əlindən tutub,

Onu çağırmayan bir səsə gedir.

Bəlkə gedəcəyi yeri unudub,

Yenə də tələsə-tələsə gedir…

 

…Çıxaq bu payızdan səssiz-səmirsiz,

Payız yola sala bir ana kimi.

Yerdə min adamı itiririk biz

Göydə bir Allahı tapana kimi…