Lilpar Cəmşidqızı : - QƏZƏL

Nə qədri yolla gəlmişəm, ömür keçib qulac- qulac,
Gözüm tox oldu hər zaman, heç olmayıbdı nəfsim ac.
Halal çörək qazanmışam, düz olmuşam sözümdə mən,
Unum xəmirdə islanıb, fətir bişib, yananda sac.
Qazandığım qəpik- quruş, əlimdə kirlənib mənim,
Xəyanət eyləyib, Xuda, fələk gəlib alıb xərac.
Ömür yolunda döngələr çox oldu, Tanrı, yorğunam,
Sevinci solda gizlədib, yaratdı qüssə, qəm tıxac.
Çoxaldı xəstəlik, ölüm, çatıbdır aləmin sonu,
Yerin, göyün də dərdi var, Xudayə, tez gətir əlac.
Qərası yoxdur ismimin, şükür, vəfalı bəndəyəm,
Təmiz bir ad qazanmışam, həyam olub başımda tac.
Kitab- kitab qəzəllərin içində Lilpar olmuşam,
Alışmasam zaman- zaman, külün tökər, sönər sirac.
Sirac- şam, çıraq