Aləmzər Sadiqqızı : - Ömürdən bir gün...

Dodağımda donan kədərdən üzr istəyib ətrafa baxıram...
Bir yazıq təbəssüm uzaqdan baxır üzümə...
Əllərimi uzadıb köksümə sıxıram o kövrək təbəssümü,
Kövrəlib gözlərimə qonur...və iki damla göz yaşı olub sürüşüb düşür sinəmə...
Sinəm od tutub yanır...
Bir az sevinmək istəyirəm...
Gözlərim onu axtarır hər yerdə...
Bir küncdə dizlərini qucaqlayıb mənə baxır...
Uzadıram əllərimi...
Titrəyə-titrəyə yapışır əllərimdən...
Əllərin diksinir, yerə düşür bənövşə ruhlum...
Ayağım altından yer qaçır ...
İçimdə bir qürur qışqırır...
Səsini kəsmək istəyirəm...
Yorğun ruhum ağrıyır ...
Ayaqlarım məndən xəbərsiz yeriyir...
Bir də görürəm namərd qapısındayam...
Qapıların o üzündə çilik-çilik olmuş görürəm özümü...
Unutduğum güzgülərə baxıram...
Bir çınqı ümid varmı gözlərimdə deyə...
Bir qara bulud görürəm...
Qarşıda tufan var deyəsən...
Ümid könlümdən gözlərimə dolur ...
Yağış yağır bütün dünyama...
Təbəssüm üşüyür...sevinc titrəyir...qürurum hönkürür...ümidim kəsilir...
Və beləcə ömürdən bir gün düşür...
Gecənin üçünə...
Kim deyir ki, dünya üç gündür...
Ömür bircə andan ibarət...
Gözlərini yumursan və beləcə bitir həyat...