vİslam TÜRKAY : - Məni sel aparır,gülüm,elə bil

Ədəbiyyat 09:39 / 28.07.2025 Baxış sayı: 1274

Məni sel aparır,gülüm,elə bil

Kükrəyən sularda batıb gedirəm...

Cismim---sel ağzında,canım səndədir,

Bu ac dalğalarda itib gedirəm...

 

Sən durub baxırsan--məlul,fikirli,

Nə olar ,gözümdən tut saxla məni.

Əlimdən,qolumdan tuta bilmirsən,

Şerimdən-sözümdən tut saxla məni...

 

Uzaqsan...bir kimsəm qalmayıb düzü,

Sənsiz ən yaxınım elə qəm olar...

Səninlə cənnətdi bu dünya üzü,

Sənsiz cənnət belə cəhənnəm olar...

 

Necə amansızsan,bircə gülümsə,

Gülsən bu axından üzüb çıxaram.

Məni bu axında tutammaz kimsə

Bu dəli sulardan bezib çıxaram...

 

Qırx ildir qar yağır ömrünə elə,

Sevginlə göm məni buzlaqlarına.

Məni gəl öldürmə sən gülə-gülə,

Sən ağla,qayıdım ilk baharıma...

 

Sən ağla mənimçün,güllər bitəcək,

Qızılgül açacaq göz yaşlarında...

Bulud tək boşalsan dərd-qəm itəcək,

Bənövşə bitəcək qəlb daşlarında...