Xatirə Fərəcli - ÜRƏK ŞƏKLİ ÇƏKƏN QIZ
Ürəklərlə oynayıb
ürək şəkli çəkən qız,
çəkdiyin o ürəkdə sevinc,
səadət nə rəng?
Kövrəlməyi göstər görüm,
baş ürəklə,
ürək başla yollaşmasa yaman olur,
darıxmağı göstər görüm.
Yaşantılar rəng-rəng, xal-xal,
ordan nələr ötüb keçdi, orda nə var?
Baş vurub çıxanlar kimlər,
başa çəkilən kim olub?
Neçə arzu, istəklərə əsim-əsim
əsib gedib,
hansı əzab o ürəyi
öz içindən söküb, didib?
Ürəkli qız,
ay dünyası, özü göyçək,
sən qırmızı qələminlə
qanla yaşayan ürəyi
qan rəngində çəkirsən,
çək!
Xatirə Fərəcli