Şahverən Cavad - Hər payız saralmış xatirələrdir
Ağac-ağac yoldu saçını payız,
Yetdi durnaların ayrılıq dərdi.
Torpağa sevgidən kök atmasaydı,
Bəlkə,ağaclar da çıxıb gedərdi.
Payız sevdalıdır-Kərəm küləklər,
Elə bil,ağaclar sarı gəlindir.
Əsli yaxasının düymələritək
Külək yarpaqları qoparır bir-bir.
Pozulub dənizin bakirəliyi,
Sentyabr payızın yengəsidirmi?
Dəli küləklərə hamilə dəniz,
Doğur çoxuşaqlı analar kimi.
Bu payız yollardan gözüm su içmir.
Gözləri üç olub işıqforların.
Babama oxşayır bu qoca payız-
Bir gözü tor görür, biri nurlanır.
Cığırlar yamacda qançıra bənzər,
Duman ağ sarğıyla sarıyır bir-bir.
Solğun varaqlardır-kövşən yerləri .
Hər payız -saralmış xatirələrdir.
30 . 09 . 2026