Tofiq Əmrahov - Gecələr yaman uzundur...
Gecələr yaman uzundur,
gündüzlərsə qısa —
elə insan ömrü kimi...
Gecə pəncərəmə söykənir,
gözlərimi yola dikirəm.
Səhərin açılmasını gözləyirəm,
bəlkə işıqla birlikdə
ürəyimə də bir az işıq düşə...
Amma səhər nə qədər tez açılsa da,
ömrün axşamını geri qaytarmır.
Gözlərim pəncərədə qalır,
səhəri gözləyir...
Mən isə illəri sayıram.
Neyləyim,
yaş öz sözünü deyir.
Əllər əvvəlki kimi tələsmir,
ayaqlar əvvəlki kimi yol getmir,
gözlər əvvəlki kimi uzaqları seçmir...
Amma ürək...
Ürək hələ də əvvəlki ürəkdir.
Hələ danışmaq istəyir,
hələ yazmaq istəyir,
hələ xatirələrin qapısını döyür.
Kileyliyəm, əzizim, kileyli...
Bəlkə də insanın ən böyük kileyliyi
qocalmaq deyil.
Deyəcəkləri bitməmiş
ömrün sözünün bitməsidir...
Bir yumruq boyda ürək...
Bir yumruğum boyda ürəyim var,
amma böyük bir vücudu yaşadır.
Nə qəribədir,
özü balacadır,
daşıdığı yük isə dünyalar qədər...
Kədərimi içinə yığır,
heç kimə göstərmir.
Dərd gələndə deyir:
— Gəl, məni yüklə...
Mən daşıyaram.
Sevinc gələndə isə
onu özündə saxlamır.
Götürüb gözlərimə ötürür.
Gözlərim gülür,
hamı elə bilir sevinc gözlərimdədir.
Halbuki o sevincin ünvanı
ürəyimdir...
Kədər gələndə də
ürək susur,
gözlər danışır.
Bir damla yaş süzülür yanağımdan —
mənim deyə bilmədiyim
bir cümlə kimi...
İndi gözlərim yorulub,
illər öz sözünü deyib.
Amma ürəyim...
Ürəyim hələ əvvəlki ürəkdir.
Hələ sevinir,
hələ kövrəlir,
hələ xatırlayır,
hələ yazmaq istəyir.
Bir yumruğum boyda ürəkdir,
amma içində
bir ömürlük dünya yaşayır...
Bilmirəm...
Bilmirəm, bilmirəm,
ürəyim məndən kileyli,yoxsa
gözlərdən...
Bəlkə məndən inciyib,
bəlkə gözlərimdən gileylidir.
Axı günahlarım da az olmayıb...
Sənin sarı siminə
çox toxunmuşam, ürəyim.
Bəzən bir sözlə,
bəzən bir xatirə ilə,
bəzən də heç kimə demədiyim
bir dərdlə...
Sən sızlamısan,
mən susmuşam.
Sən ağrımısan,
mən gülümsəmişəm ki,
heç kim bilməsin.
Amma biz
həmişə bir yerdə olmuşuq.
Sızlamışıq birgə,
çəkmişik dərdləri birgə,
sevinc gələndə də
gülmüşük birgə.
İndi gözlərim yorulub...
Sən isə hələ də
bir yumruq boyda ürəksən —
amma içində
bir ömürlük xatirə daşıyırsan.
De görüm, ürəyim,
məndənmi kileyli oldun,
gözlərdənmi?
Yoxsa sən də
mənim kimi yorulmusan
bu uzun gecələrdən?
Əgər incimisənsə,
bağışla məni...
Axı mən
səninlə birgə yaşamışam,
səninlə birgə ağlamışam,
səninlə birgə sevinmişəm.
Sənin sarı siminə
çox toxunmuşam, ürəyim...
Amma heç vaxt
səni tək qoymamışam.
— Eləmi, ürəyim?
Sən mənim dərdimi
içində çəkirsən?
— Bəli...
Mən sənə danışa bilmirəm,
sən də mənə cavab verə bilmirsən.
Nə dərdləşə bilirik,
nə də oturub söhbətləşə...
Amma sən
mənim demədiklərimi bilirsən.
Kileyimi də,
ağrı-acımı da,
içimdə gizlətdiyim
o köhnə yaraları da...
Mən susuram,
sən sızlayırsan.
Mən kövrəlirəm,
gözlərim dolur.
Gözlərim də
sanki ürəyin dilindən danışır.
Bəzən düşünürəm,
insan niyə tənhalaşır?
Bəlkə ona görə ki,
illər keçdikcə
dərdlər artır,
amma onları bölüşəcək
adamlar azalır...
Onda insan
öz ürəyi ilə danışmağa başlayır.
— Ürəyim,
mənimlə qalacaqsan?
— Qalacağam...
Nə qədər ki,
sinəndə döyünürəm,
səni tək qoymayacağam.
Sən danışa bilməyəndə
mən sızlayacağam.
Sən ağlaya bilməyəndə
gözlərinə xəbər göndərəcəyəm.
Sən sevinəndə
yenə gözlərinə sevinc ötürəcəyəm.
Çünki biz
illərdir bir yerdəyik.
Sən mənim sahibim deyilsən yalnız,
mən də sənin bir parçan deyiləm...
Biz bir-birimizin sirdaşıyıq.
Və bəlkə də insanın
ən böyük tənhalığı budur:
Yanında danışacaq adamı
olsa da,
içində danışa bilmədiyi
bir ürəyi vardır.