Kəmaləddin Qədim - BU RUZİ, FİLAN DA ADAMDAN KEÇİR...
Kəfəndən sovuşub gedəcək hələ,
O yol tək bələkdən keçsə nə vardı...
Ya nağıl sonrası "üç alma" kimi
yalandan, kələkdən keçsə nə vardı...
Ha yapış yaxandan, ha çək yerinə,
Bu qədər asanmı düşmək yerinə?
Hər saqqal altından keçmək yerinə
adam da ələkdən keçsə nə vardı...
Bax bu da yarıda qaldığın xəbər,
Hələ düşündüyün, daldığın xəbər.
Bir simurq quşutək aldığın xəbər
bir yanıq lələkdən keçsə nə vardı...
Ürcahsan dünyanın daş tərəfinə,
Əyri tərəfinə, çaş tərəfinə.
Hərdən başucuna, baş tərəfinə
huridən, mələkdən keçsə nə vardı...
Bu damın yolu bax o damdan keçir,
Dur, məni dos-doğma odamdan keçir...
Bu ruzi, filan da adamdan keçir,
Tək çərxi-fələkdən keçsə nə vardı..