Şakir  Xanhüseyinli - SARALMIŞ ŞƏKİLİK SANKİ

Ədəbiyyat 11:59 / 30.09.2026 Baxış sayı: 727

 

Şərdən qaçırıq, yenə də

görürük şər yanındayıq.

Neçə addım yol getmişik;

kim isə bəlkə də sayır...

Ucalar elə ucada,

aşağı əlləri çatmır.

Yaxınlar uzaq dayanıb,

doğmalar bu qədər yadmı...

Bir qarışqa əzmi ilə

fil yükü çəkirik sanki.

Üzümüzə baxan yoxdu,

saralmış şəkilik sanki...

Köhnə, təzə bir-birinə

yaraşmır nə eləsək də.

Arınmamış qalır elə,

dənimizi ələsək də...

Suya verdik, gör, nələri;

sevgini, əhdi, ilqarı...

Hərə bir qolu zənn etdi,

eh, qırılan budaqları;

Ancaq nə fayda, kökümüz

fəryad edir dərinlərdə.

İmana gətirə bilmir

dayazları dərinlər də.

Aşığı alçı duranlar

çətinlikdən nə anlayar.

Beyni yuyulmuşlara bax,

beyinsizləri yanlayar...

Köksümüzü tir edənlər

bizimlə bir tir altdadı.

Yer üstündə gəzənlərin

niyə çoxu yer altdadı?..

Elə könülsüz-könülsüz

günəş, işığını yayır.

...Qayığın çevrilib suda;

yatmısan? Qayıqçı, ayıl...