Əbülfət MƏDƏTOĞLU, Əməkdar jurnalist, şair-publisist : - QAZAXDA UNUDULMAZ ANLAR

Gündəm 16:33 / 01.10.2026 Baxış sayı: 548

 

Bir səfərin təəssüratı

 

Azərbaycan adlanan bu məmləkətin hər bir ünvanı, hər bir bölgəsi, təbii ki, bizim üçün əzizdir. Harda doğulmağımızdan asılı olmayaraq Vətən sərhəddən sərhəddə qədər bizi ağuşuna aldığı kimi biz də onu bağrımıza basırıq. Canımızda, qanımızda daşıyırıq. Doğrudur, Allah bəndəsi olaraq öncə doğulduğumuz ocağı Vətən bilirik, ona söykənib ordan ayaq tutub kəndimizi bölgəmizi, sonra bütöv Vətənimizi həm canımızda, həm qanımızda bütövləşdiririk. Bu mənada Vətənin hansısa bir kəndlə, bir bölgəylə məhdudlaşdırılması ən böyük yanlışlıqdır mənə görə. Amma bir gerçəklik də var ki, onu etiraf edib-etməməyimizdən asılı olmayaraq hər birimiz doğulduğumuz məkanı daha dərindən tanıyırıq, ona daha çox bələdik. Sadəcə həyatla gah barışıb o çevrədən çıxmırıq, gah da işimizlə, ayrı-ayrı əlaqələrimizlə bağlı Böyük Vətəni gəzib-görmək, tanımaq bizə müəssər olur.

Seçdiyim peşə və bir də güvəndiyim qələm məni Azərbaycanın bütün bölgələrinə müxtəlif zamanlarda aparıb. Demək olar ki, getmədiyim rayon, suyunu, havasını dadmadığım bölgəmiz qalmayıb. Birində qonaq olmuşam, birində təsadüfən yolu ötüb keçən. Hər iki halda isə qazandığım xoş təəssürat, dəyərli dostlar, gözümə, könlümə köçürdüyüm gözəlliklər olub. Hələ Sovet dönəmindən sevmişəm Qazaxı. Rəhmətlik böyük şairimiz, sevgi şairimiz Nüsrət Kəsəmənlinin sayəsində gəzib tanımışam Qazaxı. Sonra Vətən Müharibəsi zamanı Qazax-Tovuz cəbhəsində də olmuşam. Və bir də Qazaxı mənimçün müqəddəs edən böyük Səməd Vurğunun, eləcə də qazaxlı bütün yazarların mübarək yaradıcılıqları olub. Mən o böyük ustadların hər birindən ayrı-ayrılıqda nələrisə öyrənmişəm. Təbii ki, ən çox öyrəndiyim də böyük qardaşım, dostum, hər zaman səsini, sözünü arayıb axtardığım Barat Vüsal olub.

Elə bu ilin sentyabr ayının 10-da Qazaxa səfər edəndə sözün, ədəbiyyatın işığına getsəm də fürsətdən yararlanmağı da bacardım. Gəzdim Qazax şəhərini. Son beş ildə birinci dəfəydi gedirdim. Yəni pandemiyadan sonra yolum o bölgədə demək olar ki, ancaq Tovuza düşmüşdü. Bu dəfə isə gəldim Qazaxa. Gördüm, baxdım və şəhərdə yaşanan yeni özəllikləri yaddaşıma yazdım.

Etiraf edim ki, Qazaxda, xüsusilə olduğum rayon mərkəzində aparılan abadlıq-quruculuq işləri bu rayonun paytaxtdan uzaq olmasına baxmayaraq unudulmadığını, əksinə, burda köklü işlərin görüldüyünü adamın həmsöhbəti kimi özü danışırdı. Yəni gördüyüm hər bir yenilik təkcə qazaxlı dostlarımın dilindən yox, həm də görülən işlərin tutumundan, görkəmindən bəlli olurdu. Mən, dostum Ramiz Göyüş və tələbəlik illərindən tanıdığım şair Mustafa Rasimoğlu ilə birlikdə öncə Şəhidlər Xiyabanına baş çəkdim. İstər Birinci Qarabağ, istər 44 günlük müharibəmizin şəhidləri qarşısında baş əydik, onların ruhlarını ehtiramla salamladıq. Buradakı səliqə-səhman, Mustafa Rasimoğlunun dediyi kimi, hər gün nəzarətdə saxlanılır, qüsurlar zamanında aradan qaldırılır. Ona görə də şəhidlərin ruhunun cəm olunduğu bu parkda adam fotolarla danışanda qulağına həmin şəhidin sanki pıçıltısı da, səsi də gəlir. Bəlkə də bu, danışan ruhların səsidi, o parkda cəh-cəh vuran bülbüllərin nəfəsinə köklənib. Elə onun yaxınlığındakı qədim seminariya binası. ADA Universitetinin rəhbərliyinin təşəbbüsü ilə burada aparılmış təmir-bərpa işləri, ümumiyyətlə bu kompleks azacıq duyğusu olan hər kəsi ötən yüzilliyə aparır. Və mən özüm də hiss etmədən böyük Səməd Vurğunun əyləşdiyi partada otururam. Bu seminariyada səslənən məktəb zənginə əl vururam, burada ayrıca guşə olan yerli rəssamın yaradıcılıq sərgisinə baxıram. Bir sözlə, bu kompleksin içində iki əsr qayğı və diqqət sayəsində qovuşub və birləşib keçmişimiz bugünümüzü görür, bugünümüz keçmişimizlə söhbət edir. Bu artıq soyumuza, yurdumuza həqiqi mənada böyük sayqının, sevginin nümunəsidir. Növbəti ünvan Molla Pənah Vaqif və Molla Vəli Vidadi Muzeyidir. Burda nümayiş etdirilən əşyalar, ümumiyyətlə, iki böyük şairin, yəni dövrünün aydınları üçün yaradılmış bu muzeydə hər şey söz ruhundadı, saz havası üstündədi. Elə orada çalışanlar da həmin ovqatla bilgi verir qonaqlara. Yeri gəlmişkən xatırladım ki, burada mərhum şairimiz, faciəli şəkildə həyatını itirmiş Davud Nəsib üçün də guşə ayrılıb.

Qazaxda mənim üçün son dərəcə qiymətli və demək olar ki, özümü müdriklərin səcdəsində hiss etdiyim bir ünvan da var. Bu ünvanın adı “Mütəfəkkirlər parkı”dır. Hər cür özəlliyi olan bu parkda ata və iki oğul da gələnləri salamlayır, onlarla həmsöhbət olur. Və ziyarətçilər məmnunluqla böyük Səməd Vurğunun, Yusif və Vaqif Səmədoğullarının əzəmətli büstləri qarşısında baş əyirlər. Bu parkda Mehdi Hüseyn, Osman Sarıvəlli, Mirvarid Dilbazi, İsmayıl Şıxlı, Əliağa Şıxlinski və neçə-neçə mütəfəkkirlər üz-üzə dayanıb təkcə doğulduqları ünvanı deyil, həm də bütün Azərbaycana şərəf olduqlarını pıçıldayırlar öz varlıqları ilə, öz xidmətləri ilə.

Mən Qazax şəhərini gəzdikcə burda məktəblərin, muzeylərin, bir sözlə, təhsil və mədəniyyət sahələrinin xüsusi diqqət mərkəzində olduğunu açıq-aşkar hiss etdim. Və böyük Səməd Vurğunun adını daşıyan elm ocağının önündəki möhtəşəm abidənin qarşısında şəkil çəkdirəndə bir anlıq yadıma işğaldan azad edilmiş Şuşada Molla Pənah Vaqifin məqbərəsi önündə çəkdirdiyim şəklin mənə yaşatdığı hisslərin bir səbəbini də anladım. Bildim ki, “El bilir ki, sən mənimsən”!!! məşhur misrası əslində bizi bütövləşdirən, bizi bir ocağın közü, bir bulağın suyu edən milli kimliyimizin barıdı, bəhəridi. Biz harda olmağımızdan asılı olmayaraq  “El bilir ki, sən mənimsən” ruhunda pərvazlanmışıq.

Bəli, mən Qazaxda abad yolları, küçələri, insanların xoş ovqatını müşahidə etdikcə bir daha əmin oldum ki, bu Cənnət Vətəndə xoşbəxt yaşamaq, qurub-yaratmaq hər birimizin haqqıdır. Nə qədər problemlər, çətinlikər olsa da, biz onları aşmağa qadirik. Bu bir həqiqətdir ki, 30 illik acılar, sitəmlər bir gündə, beş gündə bütünlüklə aradan qaldırıla bilməz. Yəni biz həm müharibənin yaralarını sarmaqla, dağıntılarını aradan qaldırmaqla, həm də digər bölgələrimizin də zamanın tələbləri səviyyəsində inkişafına diqqət ayrılmış bir məmləkətdə yaşayırıq. Ona görə də müəyyən, hətta bəzən də ciddi problemlər tez-tez qarşımıza çıxır. Sadəcə o problemləri çözməkdə israrlı və peşəkar, həm də Vətən sevdalı olmalıyıq. Qazaxda həmsöhbət olduğum hər kəs son illərdə əldə edilmiş uğurların qazanılmasında ölkə başçısının regionların inkişafına göstərdiyi diqqəti və layiqli kadrların işə məsuliyyətini xüsusi vurğuladılar. Qazaxda mənə dedilər ki, rayon icra hakimiyyətinin başçısı, çox hörmətli Rəcəb Babaşov və onun komandası ölkə Prezidentinin qarşıya qoyduğu məsələləri yüksək peşəkarlıqla reallaşdırırlar. Burada eşitdiklərimi gördüklərim də təsdiq edirdi. Mən qısa zaman ərzində gəzib-dolaşdığım Qazaxda xoş anları şirin bir xatirə kimi yaddaşıma yazdım və bir də elə “Mütəfəkkirlər parkı”nda olanda ürəyimdə bu misralar baş qaldırdı:

 

Gördüklərim yuxu, yoxsa nağıldı,

Qayğı yüküm çilikləndi, dağıldı,

Allah mənə təbəssümlə baxırdı –

Qazaxda!

 

Bir fərəhdi çiçəkləyən içimdə,

Nur bələnib üz-gözüm də, içim də,

Bu sevinci qoy doyunca içim də -

Qazaxda!

 

Sözün uca, şairliyin çeşməsi,

Bu ucalıq çaşdırmasın heç kəsi,

Unudulmaz Əbülfətin gecəsi –

Qazaxda!

 

Bir söz adamı olaraq Qazaxda gördüklərimi mənə yaşadan, yaddaşıma köçməsinə işıq tutan hər kəsə, xüsusilə mənimlə oxucuların görüşünün gerçəkləşməsinə dəstək olan rayon rəhbərliyinə və qardaşım, dostum Barat Vüsala, bütövlükdə əməyi keçən hər kəsə bu yazımla təşəkkür etmək istədim. Çünki onlar mənə həqiqətən Qazaxda sevinc dolu gün yaşamaq hədiyyə etdilər.