Ay Bəniz Əliyar - Körpüyəm, qəlb-göz arası...

Ədəbiyyat 11:08 / 01.10.2026 Baxış sayı: 535

Ümidim minib ağ atın,

Gözüm mürgülü qapıda.

Bəlkə də heç inanmırdım,

Məni də sevən tapılar.

 

Körpüyəm, qəlb-göz arası,

Yolumu kəsənim yoxdur.

Hamıya xoş-xoş baxıram,

Keyfindən küsənim yoxdur.

 

Pəncərəm quş budaqlayır,

Pərdələrim sərvaxt qalıb.

Hər kəs üzrsüzdü sanki,

Üzrlü bircə baxt qalıb.

 

Bir Allah bilir mən kiməm,

Təkcə O bilir düzünü.

Qul yaradılmışam yəqin,

Ağa sayıram özümü.