Vahid Aslan - Yarpaq dəhlizi
Payızı sevirəm,.. pıçıldayırsan,
Deyirsən, bir ayrı məna var onda.
Deyirəm, dünyanın payızı varsa,
Bax, sən də mənimsən – qızılı donda!
Deyirsən, payızda bir ağırlıq var,
Bar verən, baş əyən budaqlar kimi.
Deyirsən, hardasa görüşür yollar,
Həsrətdən saralan uzaqlar kimi.
Deyirəm, dəli tək darıxmaq da var
Payıza bənzəyən gözündən ötrü;
Payız hənirlidi qaynar dodaqlar,
Payız qoxuludu saçının ətri.
Bəs, niyə kədər var nəğmələrində?..
Deyirəm, payıza bənzəyir o da.
Deyirsən, payızın sirri dərində,
Düşünmək istəyir eləcə adam...
Rəqs edən yarpaqlar dinləyir bizi,
Xəzan yaddaşına köçüb gedirik.
Uzanır qarşıda yarpaq dəhlizi,
Payızın içindən keçib gedirik.
25.09.2024