Vahid Aslan - Bilirdim
Bir az qürurluydun, bir az da fağır,
Fikirli dayanar, az danışardın;
Baxışın duyğulu, yerişin ağır,
Tez küsər, amma ki, gec barışardın;
Qəribə qızıydın sözün qısası,
Bir az çətin idi səni anlamaq;
Qaynar gözlərinin soyuq havası,..
Nə öymək olurdu, nə də danlamaq;
Düzünü söyləsəm sən bu halınla,
Köçüb ürəyimdə qalırdın mənim;
Bir də ağ üzündə qara xalınla,
Ağlımı başımdan alırdın mənim;
Nə deyim, elə bil sən mənim üçün
Kül altda gizlənən atəş kimiydin;
Tər-təmiz gözlərin, boyasız üzün,..
Bulud arxasında günəş kimiydin;
Tək mənim xoşuma gələsən deyə,
Belə görünürdün bəlkə də qəsdən;
Bilirdim, hamıdan qaçırsan niyə,
Niyə dayanırsan yolumun üstdə...
21.02.2026