Şakir Xanhüseyn - "Yardımlı rayonu"na sayğı və sevgilərlə..!

Ədəbiyyat 10:28 / 21.02.2026 Baxış sayı: 360

İçdən yanan sözlər

Yardımlının Alar kəndində yaşayan şair Şakir Xanhüseynin şeirləri insanın özünə doğru yolunu təsvir edir. Şairin poeziyada əsas olan zahiri effekt deyil, daxili dərinlikdir; nümayiş yox, dərkdir. Şair insanın parçalanmış daxili aləmini, mənəvi ocağını, küçədə qalan taleləri və yaxınla uzağın nisbi ölçüsünü sadə, amma düşündürücü dillə ifadə edir.

“Bir iki”də insan özünü axtarır, “Ocaq”da qorunmalı dəyərlər önə çıxır, “Küçə müğənnisi”ndə ləyaqət yoxsulluğa uduzmur, “Nə qədər uzaqda”da isə dərdin yaxın, yaxşılığın uzaq olması sual altına alınır. Bütün bu şeirlər bir fikirdə birləşir: insan içindən isinməsə, heç bir məkan onu isidə bilməz.

Şakir Xanhüseynin poeziyası oxucuya hökm vermir, onu düşünməyə səsləyir. Bu düşüncədə hər kəs öz payını tapa bilər.

BİR İKİ

Bu şeir parçalanmış “mən” hissinin hayqırtısıdır. Lirik qəhrəman bədən üzvlərini çağırmaqla öz bütövlüyünü, itirdiyi varlığını axtarır. Təkrarlar daxili boşluğu, köməksizliyi və çağırışın cavabsız qalmasını gücləndirir.

İkincin hissə yoxluğun fəlsəfəsinə söykənir. “Bir heç nə” ifadəsi həm təsəlli, həm də ümidsizlikdir. Şeir insanın ağrını sakitləşdirmək üçün bəzən məhz heç nəyə sığınmasını göstərir.

1

***

əlimi çağırıram, hanı,

ayağımı çağırıram, hanı,

solumu, sağımı çağırıram, hanı

gözümü,

qaşımı,

başımı çağırıram, hanılar...

dizimi,

dirsəyimi,

ürəyimi çağırıram,

ay verin, eyy...

2

***

mənimçün bir heç nə çal, aşıq,

bir heç nə dilləndir;

uyut, uyut,

ovut bir heçnəylə qəlbimi...

***

OCAQ

“Ocaq” şeiri evin və ailənin mərkəzində dayanan mənəvi istiliyi simvolizə edir. Ocaq canlı varlıq kimi təqdim olunur; həm yandıran, həm isidən, həm də məsuliyyət tələb edən bir dəyərdir. Şeir odun yalnız fiziki yox, mənəvi məna daşıdığını vurğulayır.

Ocaq da bir nəfəsdi gedib-gəlir bu evdə,

Elə bil ən gözəl söz eşidilir bu evdə...

Ocaq yuxarı başda- onun yeri başdadı,

Evdə ocağın yeri, bəli, tamam başqadı.

Ocaq da danışandı od-alov dili ilə,

İsidəndi həm közü, həm də ki, külü ilə.

Sağına, soluna bax, bilsən, o da bir candı,

Gecə-gündüz deməyib daim odlara yandı;

Ocağın lap əzəldən atəşdi, oddu bağrı,

Günün istisində də yanır duymadan ağrı.

Yandırma ocağını ancaq nahaq odla sən,

Sönər,sonra odunu heç söndürə bilməzsən;

Gözünə yalan atma, doğrularla alışdır,

Həmişə od misalı duyğularla alışdır.

Ocağı da birimiz bilək, elə oyuq de,

O bizə yanır, biz də ona yanmalıyıq de...

***

KÜÇƏ MÜĞƏNNİSİ

Bu şeir küçə sənətçisinin timsalında cəmiyyətin kənarında qalan, amma ruhən zəngin insanı göstərir. Maddi yoxsulluqla mənəvi ləyaqət arasındakı ziddiyyət ön plana çıxır. Şairin empatiyası oxucunu da bu səssiz ağrıya şərik edir.

Küçə konsert zalındı, boş dayanmaq zülmdü,

bəlkə çoxdan yanmısan, buradakı külündü...

Nəzərimdən yayınmır önündəki boş qutu,

qəlbin dolu, umudlu, özün çal, özün oxu,

Daha nə istəyirsən...

Nə kiminsə əlində, nə cibindədi gözün,

baxırsan baxmırsan ki, görürsən görmürsən ki...

Sanki dünyadan qopub bura düşmüsən gizlin,

ucuzdu bu yaşamın dəyəri, bilmirsən ki;

Baha nə istəyirsən...

Özün öz aləmində- bu aləmdən uzaqda,

elə bil ki, hər qəmdən, hər ələmdən uzaqda...

Qəpik-quruşa sahib olmaq deyil istəyin,

təki rahatlıq tapsın, rahat olsun ürəyin;

Gör ha, nə istəyirsən...

Səsin güvəndiyin dağ, qoy ona qar yağmasın,

ötəmmirəm biganə, yanında durum bir az...

Oturmusan, çətindi, bax, ayağa qalxmasan,

xəyalımdan keçir ki, sənə sarılım bir az,

Sonra nə istəyirsən?!

***

NƏ QƏDƏR UZAQDA

Bu şeir nisbi anlayışların yaxın və uzağın insan şüurunda necə dəyişdiyini göstərir. Fiziki məsafə yox, mənəvi ayrılıq əsas problemdir. Dərd yaxın, yaxşılıq isə uzaq görünür.

Qərar tutub yanımızda- yaxında;

yaxşılıqlar, gör, nə qədər uzaqda.

Gecə-gündüz dövrəmizdə dolanır

dərd nə qədər, sər nə qədər uzaqda...

Ocaqların bax külünə, közünə,

qaranlıqda aşkar nədi, gizlin nə...

ayağını basırsan ha üstünə,

vay, deyirsən, yer nə qədər uzaqda...

Sıx, qurulan, canından od-alovu,

yorğun düşdün dincəlincə bir hovur...

Bilsən, min-min gözlünü bir kor qovur,

sağında dur, sol nə qədər uzaqda...

***

Bu mətn daxili və xarici məkanın paralelliyini qurur. İnsan yalnız evdə yox, öz içində də sığınacaq tapmalıdır. Şeir özünlə barışmağın, daxili odunu qorumağın fəlsəfi çağırışıdır.

evin içində

səni içəridə tutacaq nəsə olmalı,

elə çöldə də.

üşüyür əlin, ayağın,

içərindən isinmədinsə heç;

hökmən öz içindəki odu qarışdırmalı,

külü yaymalı,

ustufca qoymalı

közü köz üstə...

özünlə iç-içəliyin

içəcəyin

andın,

görəcəyin

işin müqəddəsliyi;

səni özünə

daha çox yaxınlaşdırar, bağlar,

səni daha çox özün edər,

düşünsən əgər...