Adilə Nəzər - ÜYÜDÜR

Ədəbiyyat 10:37 / 21.02.2026 Baxış sayı: 391

 

Dəyirmana dən tökürəm,

Qurusun da nəm üyüdür.

Çalışıram, vuruşuram,

Çoxaldıram, kəm üyüdür.

 

Bir alovdur hər qığılcım,

Namərd əldə mərd qığılcım.

Qığılcımdı dərd, qığılcım,

Alışdıqca qəm üyüdür.

 

Buludumdan ulduz axdı,

Gedəcəyim yol uzaqdı...

Dumanıma çökən ahdı,

Ahı dəmadəm üyüdür.

 

Mənəm günün günahkarı,

Yarı varam, yoxam yarı.

Bir ucdan ölürəm, Tanrı

O bir ucdan mən üyüdür.