Əlirza HƏSRƏT  -  TƏKCƏ SƏNSƏN...

Ədəbiyyat 15:23 / 21.02.2026 Baxış sayı: 301

 

Bağışla,dəydim xətrinə,

Çox incitdim səni,sonam.

Ha söyləyəm,azdı sənə,

"Sağ ol"u,"əhsən"i,sonam.

 

Düşür ömrüm yarpaq kimi,

Vəfalısan torpaq kimi.

Hey sayırsan uşaq kimi,

Saçımdakı dəni,sonam.

 

Könül verdim haqq quşuna,

Bu quş gəlməz ta qurşuna.

Qonaq eylə göz yaşına,

Bu qərib bəndəni,sonam.

 

Xatirədir çoxu ömrün,

Ahına bax yuxu ömrün.

Təkcə sənsən,sən bu ömrün,-

Baharı,gülşəni,sonam.