Uğur bəxtsizləri seçmir - Şahverən Cavad

Ədəbiyyat 11:00 / 22.07.2026 Baxış sayı: 439

 

Haqqın tərəzisi əyilir hər gün ,

Nuhun gəmisidir ləngər buludlar .

Gecə - əzəmətli Ağrı dağıdır ,

Göylərin Yer üçün bir tədbiri var .

 

Qıfıla düşməyən açarlar kimi ,

Çoxları qapından keçmir , a dünya .

Səssizcə ağlayan tənha ağactək ,

Uğur bəxtsizləri seçmir , a dünya .

 

İşıq da uduzur şərqarışanda ,

Ağaclar yarpaqla ömrünü tökür .

Dənizçün boğulan nakam çayların

Ruhuna dalğalar salavat çəkir .

 

Ayaq izimizlə yollar üstündə

çəkdik ömrümüzün xəritəsini .

Yolun yaddaşından süpürür yellər ,

Nakam arzuların ayaq izini .

 

Hər şeydən ağırmış ümidin yükü ,

İnsanlar ömür yox , ümid daşıyır .

"Ol" deyil , "dözdənmi" yaranıb dünya ?

Gözləyə , gözləyə hamı yaşayır .

21 . 07 . 2026