MEHDİ CALAL - GÖRÜŞƏK
Sənin səbrin, mənim səbrim gen oldu,
Yenə sevən könüllərdə görüşək.
Axır gəlib yadlar deyən gün oldu,
Əyilməyək qəmə, dərdə görüşək.
Gəl Günəş ol atəşpərəst ömrümə,
Günü, ayı didərgin səs ömrümə.
Ömür bağla bu müqəddəs ömrümə,
İlqar bağla, gəlim pirdə görüşək.
Mən gözlədim, demədim ki, ilə dön,
Taleyimə elə qayıt, belə dön.
Mən saz olum, sinəm üstə telə dön,
Havalanıb pərdə-pərdə görüşək.
Sən səhərin, sən axşamın aşiqi,
Mən həsrətdən yanan şamın aşiqi.
Çox gözləmə, qaranlıqla işığın
Qovuşduğu qərib yerdə görüşək.
Göylər qərib, bəndə qərib, din qərib,
Zaman qərib, ömür qərib, gün qərib.
Bu qisməti Allah özü göndərib,-
Adımı tut, bu ömürdə görüşək.