Ayaz Arabaçı - Nə vardısa unutdum...

Ədəbiyyat 14:25 / 22.07.2026 Baxış sayı: 453

Nə vardısa unutdum..

Unutdum ilk görüşdən doğum gününə qədər,

Demək beləymiş qəza

Demək beləymiş qədər..

Dayandım bir lövhənin qabağında silgili,

Sildim nələr vardısa,

sildim sənnən ilgili..

Gözlərində yalvaran ifadəyə baxmadım,

Sildim getdi tamamən,

heç bir şey buraxmadım..

Düzdü çox ağır oldu bu şeylər bir gün üçün,

Özümü sənsizliyə

əbədi sürgün üçün..

Sənsiz nəfəs almayan özümü də unutdum,

Səsimi də unutdum,

sözümü də unutdum..

Bütün səbəb olduğun gözəl şeyləri sildim,

Qəlbimi parçalayan,

həzin neyləri sildim.

Yenildim bir qələmdə kinə, acığa hirsə,

Təəssüf eləmədən,

sildim nə gərəkirsə.

Müjdə alsam da belə qəfil qəlb krizindən,

Yığdım baxışlarımı,

yığdım sənin izindən..

Əsla tutmayacağım bir iş olmasa da bu,

Tutdum yox oldu getdi,

qorxu, qadağa, tabu..

Qurtuldum dolaşdığım hörümçək saplarından,

Çıxdım arzularından,

çıxdım hesablarından.

Unutdum allı-güllü çətirini unutdum,

Made in adı nəydi,

ətirini unutdum..

Yoxdu day, yaddaşımda

mesajının heç biri,

Elə öz qutusunda dəfn etdim diri diri..

Sonra xatirələrin qalan qismini sildim,

Qəlbimə tatulanmış,

o gül ismini sildim..

Bircə cümlə qalmışdı gördüm lap aşağıda,

Sildim qoymadım qala,

bir ümid işığı da..

Söndürdüm feysdəki yamyaşıl işartını,

Sonra çıxardıb atdım

telefonun kartını.